Nizami Gəncəvi Beynəlxalq Forumu davam edir

Bakıda təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumun ikinci günü “Nizaminin “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusunda panel iclasla davam edib. SİA xəbər verir ki, iclasda Avrasiya Xalqları Assambleyası Ədəbi Şurasının sədri Marqarita Almuhametova Nizami Gəncəvi fəlsəfəsi haqqında məruzəsi dinlənilib.

O deyib: “Biz Nizami Gəncəvinin ideyalarını nəinki onun əsərlərində, həm də həyat tərzində görə bilərik. O insani dəyərləri müdafiə edərək onları təbəqəyə bölmür, cəmiyyətdə ümumi rifahı qaldırmağa çalışırdı. Onun ideyaları 8 əsirdən çoxdur ki, öz aktuallığını saxlayır. Bu gün Nizamini keçmişdən gələn gələcəyin insanı adlandıra bilərik. Onun fəlsəfəsinin əsasında insanın Allahın ən gözəl yaratdığı varlıq olduğu dayanır. Bu, onun bütün əsərlərində təcəssümünü tapır”.

Rusiya Milli Kitabxanası, əlyazmalar departamentinin tədqiqatçısı Olqa Yastrebova Nizami Gəncəvinin əsərləri əsasında çəkilən miniatürlər haqqında danışıb. Bildirib ki, Nizaminin yaratdığı obrazlar əsasında çəkilmiş miniatürlərə Rusiya, İngiltərə, Pakistan, Hindistan, Özbəkistan və digər ölkələrin kitabxanalarında da rast gəlmək olar. Nizaminin “Xəmsə”sinə çəkilmiş ən ilkin miniatürlər 15-ci əsrə təsadüf edir. Miniatürlərdə obrazların, ümumilikdə Nizaminin ruhu olduqca qabarıq şəkildə hiss olunur və öz janrı ilə seçilir.

Şota Rustavelli universitetinin professoru Qaqa Lomidze “Nizami Gəncəvinin XII-XVIII əsrlərdə Gürcüstan ədəbiyyatına təsiri” mövzusunda məruzə ilə çıxış edib. O, Gürcüstanda yaşamış Şota Rustaveli, David Quramişvili və digər şair və yazarların tərcümələrində Nizami Gəncəvinin yaratdığı obrazlardan bəhs edib.

Sonra Tbilisi Dövlət Universitetinin professoru xanım Maka Elbakidze “Mədəniyyətlər arası körpü: Rustaveli və Nizami”, Daşkənd Dövlət Pedaqoji Universitetin professoru Erkin Nuriddinov “Özbəkistan və Azərbaycan xalqlarının mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsində Nizami Gəncəvinin rolu”, türkiyəli tədqiqatçı Zaur Şüküroğlu “Türkiyədə Nizami Gəncəvi və əsərləri üzərində aparılan araşdırmaların dəyərləndirilməsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, Forum gün ərzində “Nizami Gəncəvi: Müasir dünyaya baxış” və “Nizami Gəncəvi: Müasir dünyaya baxış” mövzularında panellərlə işini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...