Ermənistanla sərhəddə həyat normallaşmağa başlayır ... - FOTOLAR
Mədəniyyət və incəsənət tədbirləri artıq Ermənistanla sərhəddə yerləşən Tapqaraqoyunlu kəndində keçirilir. Bir neçə gün əvvəl kənddə məşhur Azərbaycan yazıçısı İsmayıl Qarayevin həyat və yaradıcılığına həsr olunan "Gecə keçir" adlı ədəbi- bədii gecə keçirilib. SİA-nın verdiyi məlumata görə, yazıçı İsmayıl Qarayevin Tapqaraqoyunlu kəndindəki həyətində keçirilən tədbiri giriş sözü ilə açanlar bu tədbirin əhəmiyyəti haqqında danışıb və sərhəd bölgəsində yerləşən kənddə uzun illərdən sonra keçirilən ilk ədəbi - mədəni tədbir olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun qələbəsindən sonra ölkənin yeni bir dövrə qədəm qoyduğunu bildirən natiqlər Bakıdan gələn alimləri, yazıçıları, mədəniyyət və incəsənət adamlarını salamlayıb.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının sədri Ferid Hüseyn, tanınmış filoloq alim Dr. Firudin Qurbansoy, tanınmış şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbirdən sonra açıqlama verən yazıçının qızı, jurnalist Vəsimə İsmayılqızı, bu tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayıb və qırx dörd günlük müharibədə qazanılan qələbədən sonra işğaldan azad edilmiş bölgələrdə və sərhəd zonasındakı kəndlərin artıq normal həyata qayıtmaq istədiyini bildirib: "Bəli, qələbə qazandıq, növbəti işimiz o bölgələri cənnətə çevirmək və orada yaşayan bütün insanların təhlükəsizliyini təmin etmək olacaq. Adi vətəndaşlar da bu baxımdan dövlətimizin yanında olmalıdır. Qırx dörd gün davam edən müharibədə bir yerdə olduğumuz kimi, bundan sonra da daha çox bir yerdə olmalıyıq. Bu mövzuda dövlətimizin siyasətini necə dəstəkləyə biləcəyimizi düşündük, nəhayət, otuz il cəsarətlə ermənilərə qarşı dayanan və bu görüşü keçirən Tapqaraqoyunlu kəndinin qəhrəman xalqına kiçik bir hədiyyə etmək istədik.
Görüşə qatılan hər kəs Azərbaycan Yazıçılar Birliyinin üzvü olan atam, yazıçı İsmayıl Qarayev haqqında fikirlərini bölüşdü və bu cəsur kəndlilərin qəhrəmanlığından danışdı. Təşkil etdiyimiz tədbir ümumiyyətlə sərhəd bölgəsindəki kəndlərdə keçirilən ilk tədbir idi. Biz də İsmayıl Qarayevin ailəsi olaraq həm işğaldan azad edilmiş bölgələrdəki kitabxanalara, həm də Tapqaraqoyunlu kənd kitabxanalarına 1000 ədəd kitab hədiyyə etdik və bununla qürur duyuruq. Bundan sonra da sərhəd bölgələrimizdə ədəbiyyatımız və mədəniyyətimizlə bağlı müxtəlif tədbirlər keçirməyə davam edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə