“Nar bağı” adlı layihə həyata keçirilib FOTOLAR

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən "İçərişəhər" Muzey Mərkəzinin və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda (DTEQ) "Nar bağı" adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirilib.

İdarədən SİA-ya bildirilib ki, layihə çərçivəsində baş tutan tədbirdə "İçərişəhər" Qoruq İdarəsinin əməkdaşlarının və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəxri üzvlərinin iştirakı ilə seçilmiş müvafiq ərazilərdə 50-yə yaxın nar ağacı əkilib və tədbir çərçivəsində ziyarətçilər "Qala" DTEQ ərazisində yerləşən tarixi abidələrlə də tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə "Nizami Gəncəvi İli" elan edilib. Həyat və sevginin ilahi simvolu sayılan nar təsviri Nizami Gəncəvi yaradıcılığında, poema və miniatürlərdə daha çox tərənnüm edilib. Sözügedən tədbir məhz bu çərçivədə təşkil edilən müxtəlif tədbirlər silsiləsinin bir parçasıdır.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan xalqının mədəni həyatında, qədim adət-ənənələrində, kənd təsərrüfatında xüsusi yer tutan nar mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...