"Sevilənlər, sevənlər” rubrikası yenidən izləyicilərin görüşünə gəlib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin rejimi şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar bu il də davam edir.

SİA-nın məlumatına görə, kitabxananın “Instagram” üzərindən təşkil etdiyi canlı yayımın növbəti qonağı yazıçı, kulturoloq Aydınxan Əbilov olub. Müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib. A.Əbilov kitabxana ilə bağlı uşaqlıq xatirələrindən, mütaliəyə hədsiz həvəsindən söhbət açıb. Sonradan qonaq müasir dövrdə ənənəvi mütaliənin virtual mütaliəyə keçidindən, pdf formatında və audio versiyada olan kitabların daha geniş kütlə tərəfindən qəbul olunmasından danışıb.

Qonaq hərbi sahədə qazandığımız qələbə mövzusuna və Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə dair olan fikirlərini də bölüşüb. Bu il “Qarabağ bülbülləri” ansamblının 50 illik yubileyi ilə əlaqədar olaraq Gənclər Fondu ilə həyata keçirəcəkləri layihələr - kitab-audio kitabın hazırlanması və “Yaralı səs” adlı filmin çəkilişindən danışıb. Canlı yayımın sonunda Aydınxan Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün kitabxanaların əməkdaşlarına uğurlar arzulayıb, Gənclər Kitabxanasına isə canlı yayımın təşkilinə görə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...