Anar Kərimov TÜRKSOY-da sərginin açılışında iştirak edib FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və rəsm sərgilərinin açılış mərasimi keçirilib.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, TÜRKSOY, Azərbaycanın Türkiyədəki Səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, mədəniyyət naziri Anar Kərimov və səfir Xəzər İbrahim çıxış edib, dünya şöhrətli mütəfəkkir şair Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə məlumat veriblər.

Nizami Gəncəvinin yaradıcılığını bütün dünya üçün tükənməz ədəbi xəzinə kimi dəyərləndirən TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nizami Gəncəviyə həsr olunan tədbirlərə TÜRKSOY tərəfindən dəstək veriləcəyini qeyd edib.

Nizami Gəncəvi irsini, onun tərənnüm etdiyi ideyaları nəsillərə nümunə kimi dəyərləndirən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirdi ki, bundan əvvəl olduğu kimi, bu gün də, gələcəkdə də biz qardaş xalqlar olaraq bir yerdə öz mənəvi xəzinəmizi dünyaya tanıdacaq və qurur duyacağıq.

Mədəniyyət naziri Anar Kərimov Türkiyəyə səfəri çərçivəsində türk dünyasının mədəniyyətini təbliğ edən və bu sahədə çox işlər görən TÜRKSOY-un qərargahında olmaqdan məmnunluğunu bildirib. Nazir TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərginin, eləcə də bu il 100 illik yubileyi tamam olan Azərbaycanın görkəmli rəssamı Mikayıl Abdullayevin Nizami irsinə həsr olunmuş əsərlərindən ibarət sərginin təşkilinə görə qurumun baş katibi Düsen Kaseinova, həmçinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamını xatırladan nazir vurğulayıb ki, istər Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, istərsə də TÜRKSOY hər zaman Azərbaycanın görkəmli simalarına, eləcə də Nizami Gəncəvi şəxsiyyətinə diqqət göstərib. Qeyd edib ki, Nizami bütün türk dünyasının, bəşəriyyətin dahi şairidir və türk dünyasının belə böyük şəxsiyyətlərinin dünyada daha geniş tanıdılması bizim üzərimizə düşən vəzifədir.

Çıxışlardan sonra tədbir iştirakçıları Nizami Gəncəvi Azərbaycan Milli Kitabxanasının fondundan Nizami Gəncəvinin əsərləri və onun haqqında nəşrlərdən ibarət kitab sərgisi ilə tanış olublar.

Mərasimin bədii hissəsində böyük bəstəkar Üzeyir Hacıbəyinin Nizaminin qəzəlinə bəstələdiyi məşhur “Sənsiz” romansı səslənib.

Mərasimdən sonra TÜRKSOY qərargahında mədəniyyət naziri Anar Kərimovun Türkiyədə yaşayıb fəaliyyət göstərən bir qrup azərbaycanlı mədəniyyət və incəsənət xadimi ilə görüşü keçirilib. Görüşə Xalq artisti, TRT Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru Elnarə Kərimova, Xalq artisti, rejissor Əflatun Nemətzadə, Əməkdar artist, skripkaçı Toğrul Qəniyev, rəssam, heykəltəraş Səid Rüstəm, pianoçu Ankara Universiteti Konservatoriyasının müəllimi Gülər Dəmirova, müğənni, “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov, pianoçu Nərminə Qəniyeva və başqaları qatılıb.

Görüşdə Türkiyədə azərbaycanlı mədəniyyət xadimlərin fəaliyyəti, qardaş ölkədə, eləcə də dünyada Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği, bu istiqamətdə Azərbaycanın Mədəniyyət Nazirliyi ilə əməldaşlıq, mümkün layihələr barədə fikir mübadiləsi aparılıb, ortaya çıxan bəzi problemlər və onların həlli yolları barədə danışılıb.

Daha sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ilə mədəniyyət naziri Anar Kərimov arasında görüş keçirildi. Görüşdə Azərbaycanın TÜRKSOY-la sıx əməkdaşlıq etdiyi vurğulanaraq gələcək birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir ortaq mədəni irsimizi dünyaya tanıdan TÜRKSOY-un bizim üçün dəyərli təşkilat olduğunu, bundan sonra əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğumuzu bildirib.

TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsindən söz açan D.Kaseinov qeyd edib ki, gələn ildən təşkilata üzv ölkələrin də dəstəyi ilə bu layihəni hər ildə iki paytaxt olaraq davam etdirmək istəyirlər. Bu cür praktika Avropanın “mədəniyyət paytaxtı” layihəsində də var. Mədəniyyət paytaxtı şəhərlərindən bir türk dünyasının şərqindən, biri qərbindən ola bilər.

Baş katib həmçinin bildirdi ki, TÜRKSOY-un ənənəvi mətbuat ödüllərini bu il Qarabağdan yazan türk dünyası jurnalistlərinə verməyi qərara almışıq. Təklif edib ki, mükafatlandırma mərasimi Bakıda keçirilsin və mərasimdən sonra Qarabağ ziyarət edilsin.

Nazir Anar Kərimov bu təklifin dəyərləndiriləcəyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...