Nazir Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri ilə görüşüb FOTOLAR

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və parlaq Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Altun Qarabağın işğaldan azad edilməsində Türkiyənin Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq etdiyini vurğulayıb, qardaş ölkələr arasında mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 Gündə Gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsi olduğu ifadə edilib.

Nazir Anar Kərimov görüşdən məmnunluğunu ifadə edərək Türkiyənin göstərdiyi dəstəyin heç zaman unudulmayacağını bildirib. Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya nümayiş etdirmək üçün “Peace for Culture” adı altında kompaniyanın başladılacağını diqqətə çatdırıb.

F. Altun Azərbaycanın işğaldan azad olunan ərazilərində Ermənistan tərəfindən mədəni irsə dəymiş ziyanın miqyasının dünyaya çatdırılmasında Türkiyənin Azərbaycanla həmrəylik göstərcəyini milli vəzifə kimi qəbul etdiklərini dilə gətirib.

Görüşdə ölkələr arasında media, kommunikasiya siyasəti, mədəni əlaqələr, kino sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə