Vətən müharibəsi iştirakçısı ilə onlayn görüş təşkil edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası onlayn görüş təşkil edib. Kitabxanadan SİA-ya bildirilib ki, onlayn görüşün qonağı musiqi müəllimi, İkinci Qarabağ müharibə iştirakçısı Əli Səlimov olub.

Döyüşçü Əli Səlimov canlı yayımda izləyicilərin suallarını cavablandırıb, döyüş yolundan danışıb. Əli Səlimov izləyicilərimizin istəyi ilə musiqilər ifa edib. O, həmçinin qələbə sevincindən bəhs edib.

Qeyd edək ki, Bakı şəhərində anadan olan Əli 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik ixtisasına qəbul olunub, 2019-cu ildə universiteti bitirib. 2020-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəni uğurla keçib, İmişli rayon, Aranlı kənd tam orta məktəbin musiqi müəllimi vəzifəsinə qəbul olunub.

Ötən ilin sentyabrda başlayan Vətən müharibəsində iştirak edən Əli Səlimov Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...