Nizami Gəncəvinin 880 illiyi Termez Dövlət Universitetində qeyd olunub FOTOLAR

Özbəkistanın Termez Dövlət Universitetində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, universitetin Özbək filologiyası fakültəsində "Nizami Gəncəvinin dünya ədəbiyyatında rolu" mövzusunda keçirilən ədəbi-bədii gecədə təhsil ocağının professor-müəllim heyəti, tərəfdaş təşkilat və qurumların nümayəndələri, tələbələr və media təmsilçiləri iştirak ediblər.

Ədəbi-bədii gecəni universitetin özbək filologiyası fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Obid Şəfiyev açaraq iki xalq arasındakı əlaqələrdən, Nizami Gəncəvi yaradıcılığının özbək ədəbiyyatına təsirindən geniş məruzə edib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətovanın onlayn olaraq təbrik sözü və "Nizami Gəncəvi və Əlişir Nəvai "Xəmsə"lərinin müqayisəli təhlili" mövzusunda geniş məruzəsi dinlənilib.

Universitetin Özbək ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Babanəzər Murtazayevin "Nizami Gəncəvi ədəbi irsinin Əlişir Nəvainin yaradıcılığına təsiri", Tacik filologiyası və şərq dilləri kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramazan Abdullayevin "Nizami Gəncəvi və Şərq ədəbiyyatı" mövzusunda elmi məruzələrlə çıxış ediblər.

Tədbirin bədii hissəsində tələbələr Nizami Gəncəvinin əsərlərindən nümunələr musiqinin müşayiəti ilə qiraət ediblər. Həmçinin "Xəmsə"dəki poemalarından səhnəciklər nümayiş olunub.

Ədəbi-bədii gecədə tələbələrin ifasında Azərbaycan xalq rəqsi hər kəsin sevincinə səbəb olub. Tədbirin sonunda fəal iştirakçılar universitetin və Surxandərya vilayəti Tacikistan Mədəniyyət Mərkəzinin xatirə hədiyyələri və təşəkkür məktubları ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...