"Xocalı soyqırımı ədəbiyyatda” adlı virtual kitab sərgisi təşkil edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə bu illər ərzində Xocalı faciəsinə dair müxtəlif dillərdə nəşr olunmuş çoxsaylı ədəbiyyatı istifadəçilərə çatdırmaq məqsədilə “Xocalı soyqırımı ədəbiyyatda” adlı elektron kitabların virtual sərgisini tərtib edib.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidəki kitablar dillər üzrə ayrılaraq beş bölmədə - Azərbaycan, türk, rus, ingilis dillərində və “Xocalı haqqında digər dillərdə” adı altında qruplaşdırılıb. Sərgidə Xocalı faciəsini dünyaya çatdırmaq məqsədilə nəşr edilmiş ümumilikdə 102 adda tammətnli kitab təqdim olunur. Kitablar nəşr ilinin xronologiyası üzrə düzülüb. Kitabların 55-i Azərbaycan, 8-i türk, 10-u rus, 23-ü ingilis, 6-sı Belarus, ərəb, fransız, polyak və italyan dilində olan kitablardır. Sərgidə nümayiş etdirilən kitabların hər birinin tam təsviri və elektron variantının yerləşdiyi saytların linkləri yerləşdirilib. Ənənəvi sərgidə olduğu kimi virtual sərgidə də Xocalı faciəsi haqqında sərəncam və sitatlar, yarımbaşlıqlar və Xocalı faciəsini əks etdirən şəkillər və videoçarxlardan fraqmentlər verilib. Sərgidə Xocalı faciəsini tarixi, siyasi, elmi, bədii, poetik, publisistik cəhətdən işıqlandıran bu kitabların hər biri oxucu üçün əlçatandır.
Xocalı soyqırımını və onu törədən cəlladları heç vaxt unutmaq olmaz. Respublika Gənclər Kitabxanası daim böyüməkdə olan gənc nəsil arasında Xocalı soyqırımına dair ədəbiyyatın təbliğatına xüsusi diqqət yetirir. Bu gün öz xalqının tarixini dərindən bilən gənc, sabah Azərbaycan xalqına qarşı törədilən bu cinayətləri, faciə və soyqırımları unutmayacaq və əsl vətənpərvər olaraq Vətəninin müdafiəsində duran qəhrəman bir gənc olacaq.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisinə

https://www.instagram.com/p/CLtiPhIhBPk/ linki vasitəsilə baxa bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə