Bakı Musiqi Akademiyasında Xocalı soyqırımı ilə əlaqədar onlayn tədbir keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) professor, müəllim və tələbə heyətinin iştirakı ilə Xocalı soyqırımı qurbanlarının 29-cu ildönümü ilə əlaqədar “Zoom” proqramı vasitəsilə onlayn tədbir keçirilib.

BMA-dan SİA-ya bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova 1992-ci ildə Xocalıda əliyalın, dinc sakinlərə qarşı mənfur düşmən tərəfindən törədilən vəhşiliklər, öz el-obasından didərgin düşən, qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, günahsız soydaşlarımıza yollarda, meşələrdə pusqu quran erməni hərbçilərinin xüsusi amansızlıqla qətlə yetirməsi haqqında danışıb.

Tədbirdə qonaq qismində iştirak edən Xocalıda doğulub, böyüyən Samirə Hüseynova həmin qanlı gecənin şahidi olaraq qadınlara, uşaqlara, yaşlılara, insanlığa qarşı ermənilər tərəfindən görünməmiş qəddarlıqlardan, amansızlıqlardan danışaraq, yaşadıqları dəhşətləri, acı xatirələrini xatırladıb.
BMA-nın Nəfəs və zərb alətləri kafedrasının müdiri, Xalq artisti, professor, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi hərbi orkestr xidmətinin rəisi, general-mayor Yusif Axundzadə Xocalı soyqırımının Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri olduğunu qeyd edib.
Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətova Xocalı soyqırımına həsr olunan musiqi əsərlərindən bəhs edib. V.Hümbətov yaradıcılığında Xocalı soyqırımına həsr olunan bəstəkarların əsərlərini araşdırmış və tədbirdə dünyanın bir çox şəhərlərində ifa edilən belə əsərlərdən bir neçəsini videoşəklində dinləyicilərə təqdim edib.

Çıxışlar arasında BMA-nın tələbələrinin Xocalı soyqırımının ildönümünə həsr olunmuş ifaları səsləndirilib.

Tədbir Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin rəisi, Əməkdar incəsənət xadimi, polkovnik-leytenant Rüfət Axundzadənin rəhbərliyi ilə “Qələbə marşı”nın sədaları ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə