Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar videokonfrans təşkil edilib

İyulun 30-da Zaqatala rayon Mərkəzi kitabxanası filial kitabxanaları ilə birlikdə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə əlaqədar videokonfrans təşkil edib. SİA-nın məlumatına görə, videokonfransı giriş sözü ilə Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova açaraq Azərbaycan dili və Azərbaycan əlifbasının dünya dilləri arasındakı rolundan danışıb.

Bildirib ki, hər il 1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur: “Milli varlığımızın əsas atributlarından biri ana dilimizdir. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq. Ulu Öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu ənənələri ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür”.

Konfransda “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı məruzə ilə MKS-nin baş biblioqrafı Yasəmən Məmmədova, “Dünya yaşıdı ana dilimizi qoruyaq” adlı məruzə ilə metodika və biblioqrafiya şöbəsinin müdiri Gülnar Abdullayeva, “Dil xalqın milli varlığını müəyyən edən sərvətdir” adlı məruzə ilə informasiya resurs şöbəsinin müdiri Almaz Qaracayeva çıxış ediblər.

Vİdeokonfransda iştirak edən kitabxanaçılar oxucuların Azərbaycan dilində latın qrafikasında olan nəşrlərə olan marağın artmasından danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə