“Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə Pakistan mətbuatında

Pakistanda nəşr edilən İslamabad Post qəzetində, Diplomatic News Agency və Dispatch News Desk xəbər agentliklərində, eləcə də Centreline jurnalında İçərişəhərin Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi ilə birlikdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illik yubileyi ilə əlaqədar “Bakının qala divarları: Dünya Mədəni İrsi“ adlı məqalə dərc olunub.

Məqalədə qədim Bakının tarixi və memarlıq incisi olan İçərişəhərin açıq səma muzeyi olduğu və Bakının akropolu və ya Qədim Şəhər adlandırıldığı bildirilib. 19-cu əsrin sonlarında Azərbaycanda neft sənayesinin inkişafı ilə şəhərin qala divarların kənarına çıxaraq genişləndiyi, bu qala divarlarının xaricində bir çox binaların inşa edildiyi və Bakının sürətlə böyüdüyü qeyd olunub.

Müəllif İçərişəhərin əzəmətinin, onun misilsiz memarlıq abidələri və şəhər planlamasının əsl küçə mənzərələri ilə vəhdətini özündə əks etdirməsi olduğunu ifadə edərək, oradakı orta əsrlərə aid küçə naxışlarının şəhər daxilində gəzərkən insanda sezilən sonsuz bir labirint hissi yaratdığını vurğulayıb. İçərişəhərin ən qədim abidəsinin Bakının simvolu - Qız Qalası olduğunu bildirən müəllif, digər ümumdünya dəyərinə malik olan 12-15-ci əsrə aid Şirvanşahlar Sarayının da Azərbaycan memarlığının incisi olmasından bəhs edib .

Məqalədə İçərişəhərin ərazisi, idarəedilməsi, tarixi abidələri və onların qorunması, eləcə də Qız Qalası və Şirvanşahlar Sarayı barədə ətraflı məlumat oxucuların diqqətinə çatdırılıb.

Məqalənin sonunda İçərişəhərdə ümumbəşəri, milli və yerli əhəmiyyətli çoxsaylı tarixi binaların olduğu qeyd olunub və bu tarixi məkanın YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olduqdan sonra şəhər rəhbərliyi tərəfindən Qız Qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi, Bəylər məscidi və digər tarixi abidələrin qorunması və bərpası istiqamətində işlərin uğurla başa çatdırılmasından bəhs olunub.

https://islamabadpost.com.pk/walled-city-of-baku-world-cultural-heritage/

https://dnanews.com.pk/walled-city-baku-world-cultural-heritage/

https://centreline.com.pk/2020/07/13/walled-city-of-baku-world-cultural-heritage/

https://www.dispatchnewsdesk.com/walled-city-of-baku-world-cultural-heritage/

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...