Azərbaycanlı rejissorun filmi “Tənqid həftəsində” yer alıb FOTO

Kann Festivalının 59-cu "Tənqid həftəsi"nin (la Semaine de la Critique) qısametrajlı filmləri arasında azərbaycanlı rejissor Teymur Hacıyevin "Axşama doğru" qısametrajlı filmi də yer alıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, "Tənqid həftəsi" fiziki olaraq baş tutmasa da, digər seksiyalar yeni istedadları aşkarlamaq və onları, eləcə də kino sənayesini dəstəkləmək fəaliyyətini davam etdirib.

"Tənqid həftəsi" bu il COVID-19 pandemiyası səbəbindən xüsusi müşayiət proqramı ilə işə başlayıb. Bu il 5 uzunmetrajlı və 10 qısametrajlı film "Semaine de la Critique 2020" etiketindən faydalanacaq.

Həftənin sadiq tərəfdaşı olan kino üzrə Qan Fondu (Fondation Gan pour le Cinema) yeni rejissorları dəstəklədiyini bildirərək, I və II yerləri tutan bədii filmlərə Qan Fondu Yayım Mükafatını təqdim edəcəyini deyib.

"Tənqid həftəsi 2020" etiketi olan 10 qısametrajlı film oktyabrın 19-dan 25-dək Festival Scope Pro platformasında rəqəmsal formada və oktyabrın 22-dən 25-dək isə geniş ictimaiyyət üçün yayımlanacaq.

Xatırladaq ki, T.Hacıyevin prodüseri olduğu "Ayrılıqda" ("Torn" ) filmi hələ 2014-cü ildə Kann Festivalının "Rejissor ikihəftəliyi" proqramına daxil edilib.

Bakı Dövlət Universitetinin İqtisadi Kibernetika üzrə bakalavr və Vest Texas A&M Universitetində MBA dərəcəsinə yiyələnmiş T.Hacıyev 2013-cü ildə "FİL PRODUCTİON" şirkətini təsis edib. ABŞ-da "Palm Springs ShortFest" qısametrajlı film festivalında premyerası olan "Yara" ilk qısametrajlı filmini 2013-cü ilin sentyabrında tamamlayıb. 2015-ci ildə çəkdiyi "Şanxay, Bakı" qısametrajlı filmi Finlandiyada Tampere Film Festivalında nümayiş olunub. "Duz, istiot zövqə görə" filmi Rotterdam Beynəlxalq Film Festivalında ilk dəfə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə