"Cehizsiz qız" tamaşasının online məşqləri keçirilir

"Cehizsiz qız" tamaşasının online məşqləri keçirilir

Yaradıcılıq fəaliyyətlərini ölkəmizdəki mövcud karantin qaydalarının tələblərinə uyğun şəkildə həyata keçirən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi evdə qalsalar da işlərindən qalmırlar. Teatrdan SİA-ya verilən xəbərə görə, bu dəfə teatrın rus bölməsinin aktyorları müəyyən məcburi fasilədən sonra böyük rus yazıçısı Aleksandr Nikolayeviç Ostrovskinin "Cehizsiz qız” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın virtual məşqlərində bir araya gəliblər.

Səhnə əsərinin quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlovanın iştirakıyla keçən videogörüşdə tamaşanın yaradıcı heyəti ilə bəzi müzakirələr aparılıb.

Virtual əlaqə canlı ünsiyyəti əvəz etməsə də yaranan fürsətdən səmərəli istifadə etdiklərinə görə aktyorlar məmnun görünüblər.

Qeyd edək ki, maraqlı quruluşu ilə təkcə Akademik Musiqili Teatrda deyil, ölkəmizin teatr məkanında bir yenilik olacaq bu layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.​

Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Nərgiz Kərimova, Şövqi Hüseynov, Naidə Orucova, Almaz Ələsgərova, aktyorlar – Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Nadejda Povelitsina və başqaları əsas rollarda çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə