Nazir müavinləri regionlarda vətəndaşlarla görüşüb FOTOLAR

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 21-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayonunda, nazir müavini Rafiq Bayramov isə Cəlilabad rayonunda vətəndaşlarla görüşüb.

Nazirlikdən SİA-ya verilən xəbərə görə, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Yardımlıda sakinlərlə görüşündən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə tər çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Daha sonra Vaqif Əliyev Heydər Əliyev Mərkəzində Yardımlı rayonundan olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən mədəniyyət sahəsində aparılan islahatların davamı olaraq kəndlərdə mədəniyyət mərkəzlərinin tikilməsi, tanınmış şair və yazıçılarla bölgələrdə oxucuların görüşlərinin təşkili, kitabxanalara yeni nəşrlərin verilməsi ilə bağlı müraciət ediblər.

Vətəndaşlar həmçinin Yardımlı Rayon Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, Heydər Əliyev Mərkəzinin ştat strukturunun təkmilləşdirilməsi, Musiqi məktəbinə yeni alətlərin verilməsi, fəxri ad, işlə təmin olunma və digər məsələlərlə bağlı Vaqif Əliyevə müraciətlərini çatdırıblar.

* * *

Nazir müavini Rafiq Bayramovun Cəlilabad rayonunda vətəndaşlarla görüşündən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzərək xatirəsi ehtiramla anılıb.

Cəlilabad sakinləri ilə Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göytəpə şəhər yeddiillik Musiqi məktəbi üçün yeni binanın tikilməsi, rayon ərazisində yerləşən və qeydiyyata götürülməmiş tarixi abidələrin dövlət tərəfindən mühafizə olunan tarix mədəniyyət abidələri siyahısına salınması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlər səsləndirilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi hər iki görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...