Bakıxanovun tezisləri kitabxanaya təqdim edilib FOTO

Bakıxanovun tezisləri kitabxanaya təqdim edilib FOTO

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin doktorantı, “Məhfil-i-üns” məclisinin sədri Hədyə Zəhra Əhmədi A.A.Bakıxanovun (Qüdsinin) fəlsəfi-irfani baxışları tezislərini kitabxanaya təqdim edib.

Fəlsəfə – humanitar elmlərin, xüsusən ədəbiyyatın əsas təməllərindən biridir. Fəlsəfəsiz hikmət və irfan öz mənalarını itirir. Fəlsəfə elminə söykənməyən şair və yazıçı dərin düşüncə və ideyaya sahib ola bilməz. O, öz düşüncələrini müəyyən fəlsəfi çərçivəsində və samballı şəkildə yarada bilməz.

İslam şərqinin orta əsrlərə (XII-XIX) dair yazıçı və şairlərinin yaradıcılığını və əsərlərini tətqiq edəndə yazarların təriqətlərə, fəlsəfəyə, tarixə, bir çox elmlərə, mədəniyyətə istinad etmələri aydın görünür. Bir sözlə şair və yazıçıların ideyaları və dünyagörüşləri onların yazdığı əsərlərdə öz əksini tapır. Xəyyamın, Əttarın, Nizami Gəncəvinin, Sədinin, Mövlananın dərin fəlsəfi və zəngin dünyagörüşü olmasaydı, “Rübailər”, “Məntüqüt-teyr”, “Məxzən-ül-əsrar”, “Gülistan” və “Bustan”, “Məsnəvi” kimi gözəl əsərlər yarana bilməzdi və bu dahi insanlar əbədi olmazdırlar.

A.A.Bakıxanovun poeziyasını (qəzəl, qəsidə, məsnəvi, şeir və s.) təhlil edərək onun fəlsəfi-dini baxışları aydın görünür. A.A.Bakıxanovun əsərləri məzmunca geniş və çox əhatəlidir, burada onun məshəbi, təriqəti, ideyaları bədii obrazlarda aydın görünür. A.A.Bakıxanov irfan sahəsində çox böyük mütəfəkkir və maarifpərvər olmuşdur. Elm və irfan arasındakı fərqlərə baxmayaraq, Qüdsi hər ikisindən böyük ustalıqla istifadə edib.

A.A.Bakıxanov XIX əsrin görkəmli alim, mütəfəkkir, tarixçi, filosof, şair və arifidir. O, zəngin fəlsəfi-irfani nəsr və poeziyasında insanları sülhə, barışa, əbədi ləzzətlərin dünyəvi ləzzətlərdən üstun tutmağa, nəzakət və insanlığa yönəldir.

Qüdsinin iki nəsr əsəri – "Nəsayeh" və " Təhzibül-əxlaq", habelə "Mişkat ül-ənvar" və "Miratül-camal" məsnəviləri öyüd və nəsihətlərnən doludur. Bu zəngin əsərlər onun mükəmməl və bənzərsiz dünyagörüşünü əks etdirir və müasir insanların daha insani və xoşbəxt yaşamasına mühüm tövhələr verir. Böyük şair və mütəfəkkirin ədəbi irsini əsrlərdə yaşayan, qocalmayan irs adlandırmaq olar.

Bu yazıda adı çəkilən dörd əsərdən faktlar verərək Qüdsinin fəlsəfi-irfani görüşləri ümumiləşdirilərək təhlil ediləcək. A.A.Bakıxanov iki böyük arif-şair Əttar Nişapuri və Cəlaləddin Rumi ilə müqayisə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə