Sumqayıt Teatrında Gənclər Günü qeyd ediləcək FOTOLAR

Sumqayıt Teatrında Gənclər Günü qeyd ediləcək FOTOLAR

Sumqayıt Dövlət Dram teatrı 2020-ci il 2 fevral Gənclər günündə C.Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək. Teatrdan SİA-ya verilən xəbərə görə, yaradıcılıq mübadiləsi üçün teatra dəvət edilmiş istedadlı rejissor Elşən Zeynallının quruluş verdiyi tamaşada rol alan gənc aktrisalar Şəhla Məmmədova və İlahə Səfərova mükəmməl oyun nümayiş etdiriblər.

Tamaşa iki gəncin faciəvi məhəbbət dramı üzərində qurulub. Tamaşa ötən əsrin əvvəllərində baş vermiş hadisəni işıqlandırsa da əslində didaktik- nəsihətverici fakt kimi aktualdır. Göz qamaşdırıcı var-dövlətlə saf duyğular, ülvi məhəbbət üz-üzə qalır. Və tamaşa boyu ziddiyyətlərin mübarizəsi gedir. Təəssüf ki, şöhrət günəşi Bəhramın gözünü qamaşdırır, o xəyanət yolunu seçir, amma sonda həqiqəti dərk edir. Müəllif sanki sevgisindən üz çevirmiş gənci cəzalandırır. Bu tamaşa gənclərə “sevginizə qətiyyətli olun” mesajını ötürür.

Sevindirici fakt odur ki, rejissor peşəkarlığı, bədii tərtibat və aktyor oyunu tamaşada vəhdət təşkil edir. 2 fevral saat 18:00-da nümayiş olunacaq nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov canlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə