Almaz Mustafayevanın 70 illik yubileyi qeyd olunub FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, teatrlaşdırılmış tədbirdə əvvəlcə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınıb, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.

Sonra aktrisanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, o, 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2014-cü ildə beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Diqqətə çatdırılıb ki, aktrisa “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Bundan başqa, “Yeddi oğul istərəm”, “Aktrisanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” filmlərində də o rol alıb. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub. Tədbir teatrlaşdırılmış səhnəciklərlə davam edib.

Qeyd edək ki, yubiley mərasiminin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə