"Folk Jazz Kwintet" qrupunun möhtəşəm konserti keçirilib - FOTOLAR

"Studiya Akt" zalında "Folk Jazz Kwintet" qrupunun konserti keçirilib. SİA-nın verdiyi məlumata görə, konsertdə tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən bəstəkarlardan Vaqif Gərayzadə, Rəşad Haşımov, Respublikanın xalq artisti Cavan Zeynallı, Respublikanın əməkdar artisti Toğrul Əsədullayev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin direktoru, Respublikanın əməkdar müəllimi Mehriban Rüstəmova iştirak ediblər.

Konsertin aparıcısının dediyi kimi, qrupun konsert verməkdə məqsədləri balabanın saksafonla birgə ifasının mümkünlüyü və Azərbaycanın qədim musiqi alətinin imkanları ilə həm yerli, həm də xarici ölkə tamaşaçılarını tanış etməkdir. Gənc olmasına baxmayaraq artıq xarici ölkələrdə tanınan Nicat Məsimovun balabanda ifa etdiyi Azərbaycan musiqiləri ecazkarlığı ilə hər kəsin ürəyinə yol tapır.

Yeri gəlmişkən, Nicat Məsimov ABŞ-da keçirilən müsiqi yarışmasında tanınmış balaban ifaçılarını arxada qoyaraq qalib olub. Prezident təqaüdçüsü olan həmyerlimiz tamaşaçılar qarşısında çıxışında bildirib ki, mən hansı ölkədə balabanı ifa edirəmsə, Azərbaycanımı təbliğ edib, onun mədəniyyətini, keçmişini yaşadıram və eyni zamanda "Qarabağ bizimdir" mesajını verirəm.

Maraqlı burasıdır ki, konsert proqramında tamaşaçılar Nicatın balabanda həzin-həzin ifasına qulaq asarkən bir an da olsa özlərini saxlaya bilmirdilər.

Qeyd edək ki, konsertdə ifa olunan musiqilərin əksəriyyətinin bəstəkarı elə qrupun üzvləridir. Konsertin sonunda Nicat Məsimov balabanda Azərbaycanın dövlət himnini ifa etməsi zalda əyləşən tamaşaçıları ayağa qaldırıb, sürəkli alqış bir neçə dəqiqə davam edib.

7 saylı Uşaq Musiqi Məktəbinin direktoru, Respublikanın əməkdar müəllimi Mehriban Rüstəmova qeyd edib ki, Respublikamızda istedadlı ifaçılarımız çoxdur və Nicat Məsimov da onlardan biridir: "Bundan başqa Nicat Paşazadə, Həsən Bilalov, Afşin Əlizadə, Aydın Zeydulla kimi istedadlı gəncləri də bura aid etmək olar. İstedadlı gənclərin yetişdirilməsində Azərbaycan Mədəniyyət Nazirliyinin çox böyük rolu var. Eyni zamanda qeyd etmək lazımdır ki, son illər Bakı Şəhəri Mədəniyyət Baş İdarəsi musiqi məktəblərinə həddən artıq yetirir. Biz fəxr edirik ki, Azərbaycan mədəniyyəti dünyada günü-gündən tanınır, istedadlarımız dünyanın əksər ölkələrində ölkəmizi layiqincə təmsil edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...