Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə Qədir Rüstəmovun xatirəsinə həsr olunmuş konsert keçirilib

Dekabrın 14-də Beynəlxalq Muğam Mərkəzində “Unudulmayanlar” layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdə Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, tarzən Ramiz Quliyev, şair-publisist Ramiz Məmmədzadə, Milli Məclisin deputatı Aqil Abbas iştirak ediblər.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, konsert Qədir Rüstəmovun ifa etdiyi “Sona bülbüllər” mahnısı ilə başlayıb.

Tədbirin aparıcısı, tədqiqatçı-alim Gülhüseyn Kazımoğlu görkəmli xanəndənin həyat yolundan və Azərbaycan ifaçılıq sənətinin inkişafına verdiyi dəyərli töhfələrdən söz açaraq deyib: “Qədir Rüstəmovun ailəsində gözəl səsi olanlar olsa da, o, seçilirdi. Onu tez-tez toy məclislərinə aparardılar. Qədir qısa zamanda “Sona bülbüllər” mahnısından da əvvəl məşhurlaşdı. Xarakteri etibarilə heç kimə boyun əyməyən, söz götürməyən adam olan Q.Rüstəmovdan soruşanda ki, ən çox sevdiyin xanəndələr kimlərdi, o, Cabbar Qaryağdıoğlu, Yaqub Məmmədov və hamının az tanıdığı Seyid Mirbabayevin adlarını çəkərdi. Dövrünün mədəniyyət, dövlət xadimləri onun haqqında hər zaman yüksək fikirdə olublar”.

Milli Məclisin deputatı Aqil Abbas çıxışında mərhum sənətkarla söhbətlərini xatırlayıb, müsahibə zamanı ona verilən suallara özünəməxsus tərzdə cavab verdiyini deyib. Bildirib ki, onun haqqında ilk müsahibəni yazıçı Seyran Səxavət alıb və bu yazı “Ulduz” jurnalında dərc olunduqdan sonra ətrafa səs salıb.

Daha sonra konsert proqramı Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, Cabir Abdullayev, Firuz Səxavət, xanəndələr Ağakərim Nafiz, Mustafa Mustafayev, Əliyar Məmmədovun çıxışları ilə davam edib.

Tədbiri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.

Qeyd edək ki, Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu “Sona bülbüllər”, “Apardı sellər Saranı”, “Laçın”, “Ay dili-dili”, “Sarı gəlin” və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları – “Rast”, “Çahargah” lentə alınaraq radionun “Qızıl fondu”nda saxlanılır.

Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də İstanbulda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə