Moskvada Yunus Əmrənin büstü qoyulacaq

Moskvanın “Muzeon” incəsənət parkında görkəmli türk şairi və mütəfəkkiri Yunus Əmrənin büstü qoyulacaq. Dekabrın 12-də Moskva şəhər Dumasının müvafiq komissiyası bununla bağlı qərar qəbul edib. TASS agentliyi xəbər verir ki, komissiyanın sədri İqor Voskresenski deyib: “Moskva Xarici İqtisadi əlaqələr və Beynəlxalq Münasibətlər Departamenti və Türkiyə Respublikasının Rusiyadakı səfirliyinin türk şairi Yunus Əmrənin büstünün qoyulması barədə müraciətini dəstəkləmək təklif olunur. Onun Türkiyə Respublikasının və Moskva büdcəsinin vəsaiti hesabına “Muzeon” incəsənət parkında qoyulması təklifi daxil olub. Moskvanın Arxitektura İdarəsi və Yakimanka rayon deputatlar şurasının bu təklifə etirazı yoxdur. Moskva Şəhər Mədəni İrs İdarəsi və Mədəniyyət Departamenti də təklifi dəstəkləyirlər”.

Moskva Şəhər Mədəni İrs İdarəsinin məlumatına görə, büstün 2019-cu ildə keçirilən Rusiya və Türkiyənin çarpaz Mədəniyyət İli çərçivəsində qoyulması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə