“Muğam axşamları” layihəsi çərçivəsində “Zabul segah” muğamı FOTOLAR

“Muğam axşamları” layihəsi çərçivəsində “Zabul segah” muğamı FOTOLAR

Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edib: "Muğam axşamları ənənəsi XIX əsrin ikinci yarısından başlanılıb. Belə axşamlar əvvəlcə Şuşada, sonra da Bakıda davam etdirilib. Yüz illərdən keçib gələn muğam sənətinin təbliğinə yönələn bu tədbir əvvəllər “Şərq gecələri” adlanan muğam axşamlarının bir növ davamıdır. Bu ənənə Bakının qəsəbə və kəndlərində də yaşayıb və indi də davam etdirilir".

O qeyd edib ki, elmi- tədqiqat, milli musiqi irsimizin araşdırılması və təbliği istiqamətində həyata keçirilən layihənin məqsədi əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmiş muğam sənətini gələcək nəsillərə daşımaqdır.

Bu ilin payızından başlanan layihə bu dəfə “Zabul segah” muğamının ifası ilə davam edib. Layihə çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artistlər Ehtiram Hüseynov, Arzu Əliyeva və Bəyimxanım Vəliyevanın ifasında "Zabul segah" muğamının şöbələri və ritmik ahəngi gənc istedadlı xanəndələr tərəfindən zərgər dəqiqliyi ilə özünəməxsus tərzdə təqdim olunub.

İfaçıları tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.

Xatırladaq ki, layihə çərçivəsində bundan əvvəl "Rast" və "Şur" muğamları təqdim olunub. Dekabrın 28-də isə "Çahargah" muğamı ifa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə