“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminarın açılışı olub FOTOLAR

“Sərhədsiz incəsənət” adlı beynəlxalq seminarın açılışı olub FOTOLAR

MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminarın açılışı olub. SİA-nın məlumatına görə, layihənin həyata keçirildiyi və bilavasitə əlaqələndirildiyi yer Azərbaycan Milli İncəsənət Muzeyidir.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək seminarın məqsədinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin maksimal rahat qavrayışı üçün uyğunlaşdırmaq məqsədilə həyata keçirildiyini qeyd edib. Azərbaycan dövləti BMT-nin əlilliklə bağlı tövsiyələrini nəzərə alaraq bu sahəyə hər zaman qayğı ilə yanaşır. Fiziki məhdudiyyəti insanların rahat yaşaması üçün dövlət tərəfindən bir sıra işlərin görüldüyünü deyən S.Məmmədəliyeva bu cür beynəlxalq seminarların təcrübələrin bölüşdürülməsi yolunda xüsusi rol oynadığını söyləyib. “Ümid edirəm ki, incəsənətin universal dili bizə məhdud imkanları sərhədsiz etmək yolunda böyük imkanlar yaradacaq",-deyə S.Məmmədəliyeva əlavə edib.

“İCOM Rusiya”nın layihələr direktoru Dinara Xalikova “İnklüziv muzey: əməkdaşların öyrədilməsindən ziyarətçilərin cəlb olunmasınadək” mövzusunda çıxış edərək inklüziv mühitin yaradılmasında muzeyin əsas tutduğu prinsiplərindən söhbət açıb.

Dövlət Tretyakov Qalereyasının direktor müavini Marina Elzesserin çıxışdında bildirib ki, muzey 1856-cı ildə Pavel Tretyakov tərəfindən təsis olunub. Qeyd edib ki, hələ o zamanlar P.Tretyakovun ailəsində fiziki məhdudiyyətli şəxslər olduğundan o, bu məsələlərə həssaslıqla yanaşıb.

Sonra M. Elzesser təmsil etdiyi muzeyin həyata keçirdiyi layihələrdən söhbət açıb. Tretyakov qalereyasının digər muzeylərlə əməkdaşlıq etdiyini, audio-video bələdçi proqramları hazırladığını, eşitmə qabiliyyəti zəif olanlar üçün xüsusi ekskursiyalar təşkil etdiyini söyləyib.

Qeyd edək ki, seminar çərçivəsində MDB ölkələrinin aparıcı muzeylərinin muzey məkanı və onun informasiya resurslarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üzrə uğurlu praktikası nəzərdən keçiriləcək.

Seminar noyabrın 28-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə