Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı “Yaddaşın yolları” adlı tədbir-sərgi keçirilib

Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı “Yaddaşın yolları” adlı tədbir-sərgi keçirilib
Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar olaraq "Yaddaşın yolları" adlı tədbir-sərgi keçirilib. SİA-nın məlumatına görə, Qərb Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti, Bakı Humanitar Kollecinin şagirdləri, Prezident Qvardiyasının əsgərləri, Daxili Qoşunların və Sərhəd Qoşunlarının müdavimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin, Qərb Universitetinin tələbələrinin 40-dan çox rəsm, heykəltaraşlıq və qrafika əsərləri nümayiş olunur.

Tədbirdə Bakı Humanitar Kollecinin şagirdləri Xocalı soyqırımına həsr olunan bədii-ədəbi kompozisiya ilə çıxış ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının nümayəndələri, Qərb Universitetinin rektoru Z.Məmmədova, rəssam R.İsmayılov, Milli Qəhrəman F.Rüstəmovun bacısı F.Rüstəmova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təsviri sənət fakültəsinin dekanı S.Suleymanova və digər qonaqlar çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə