“Muğam ruhun qidasıdır”

Muğam qoca Şərqin ən qədim musiqi janrlarından biri olduğu üçün dünya musiqişünaslarının, sənətsevərlərin diqqətini daim cəlb edib. Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, Azərbaycan xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.

26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü ilə əlaqədar Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası Yasamal rayon Heydər Əliyev Mərkəzində “Muğam ruhun qidasıdır” adlı tədbir keçirib.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin əməkdaşı Flora Bayramova, Azərbaycan Həmrəylik Cəmiyyətinin sədri Tofiq Əlizadə, Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyinin sədri Füruzə Əsədullayeva, Qadın dünyası İctimai Birliyinin rəhbəri Kifayət Niftəliyeva, şairə Aygün Hüseynli, Sabaha inamla saytının icraçı direktoru Kamran Orucov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Telman Xurşudoğlu, şair, həkim Şahlar Baba Şuşalı, yazıçı-publisist Nəcibə İlkin, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva, Sabunçu rayon MKS-inin 12 №-li kitabxana filialının müdiri Vəsilə Məmmədova, Yasamal rayon MKS-inin əməkdaşları və fəal oxucuları iştirak edib.

Tədbirdə böyük metodist İradə Hüseynova 26 avqust Beynəlxalq Azərbaycan Muğamı günü haqqında məlumat verib. Tofiq Əlizadə öz çıxışında bildirdi ki, vahid ölçüyə malik və püxtələşmiş muğam Azərbaycandadır. Xan Şuşinski, Seyid Şuşalı, Cabbar Qaryağdı yaradıcılığından söhbət açıb. Telman Xurşudoğlu Azərbaycan muğamı və Xan Şuşinski yaradıcılığı haqqında məlumat verib. Gülnarə Əmirquliyeva segah muğamından danışaraq bildirib ki, segah muğamını dinləyəndə insanı keçmişə aparır, xəyallara dalırsan. Nəcibə İlkin qeyd edib ki, muğamda analarımızın laylası var.

Daha sonra Xan Şuşinskinin qohumu Şahlar Baba çıxış edərək qeyd edib ki, musiqini təkcə ifa etmək yox, onu həm də xalqa tanıtmaq, çatdırmaq əsasdır.

Tədbirin bədii hissəsində Səxavət Məmmədova özünün yazdığı “Qarabağ”, Cəmilə Heydərova isə “Heydər Əliyev” şeirlərini söyləyiblər.

Beynəlxalq Muğam müsabiqəsinin birincisi Xəyal Hüseynov və muğam ifaçısı Zaur Alıyev “Qarabağ şikəstəsi”, “Bayatı Şiraz” ifa ediblər. Onları tarda Fəxri Alışov, nağarada Musaxan Qayıbov müşayiət edib.

Muğam ifaçıları – Şuşa Humanitar Kollecinin tələbəsi Mirsahil Məmmədli, 67 №li tam orta məktəbin şagirdi Nuray Məmmədli, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Əli Feyzullayev, Loğman Zeynalov, Elmira İbrahimova, Nicat Qurbanov, Məhəmməd Səfərov və Elman İmanov öz ifaları ilə tədbirə ahəng qatıblar. İfaçıları tarda Laçın rayonu 1 saylı Uşaq Musiqi Məktəbinin şagirdi Ramil Qasımlı və şair, tarixçi Nazim Tapdıqoğlu müşayiət edib. Qarmonda isə Maarif Rüstəmov və Elnur Şərifov ifa ediblər.

Tədbirdə “Muğam ruhun qidasıdır” adlı kitab sərgisinə baxış keçirilib. Xan Şuşinskinin, Qədir Rüstəmovun, Səxavət Məmmədovun ifasında videolent nümayiş olunub.

Tədbir Mirsahil Məmmədlinin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə