"Xalq sənətkarlığı və kreativ sənaye" adlı konfrans keçirilib

"Xalq sənətkarlığı və kreativ sənaye" adlı konfrans keçirilib

Dünən Mədəniyyət Nazirliyi tərəfindən keçiriləcək I Respublika Sənətkarlıq Festivalı çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Atatürk Mərkəzində "Xalq sənətkarlığı və kreativ sənaye" adlı" konfrans təşkil edib. Konfrans UNESKO-nun İrs Komitəsinin 43-cü Sessiyası çərçivəsində baş tutub.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi direktoru Asif Usubəliyev çıxış edərək, konfransın respublikamızda sənətkarlığın inkişafı, bu sahə ilə məşğul olan şəxslərin, təşkilatların, özəl müəssisə və digər təsisatların dəstəklənməsi, onların sərgi və satış imkanlarının artırılması, gənc nəslə qədim əl işləri sənətinin öyrədilməsi məqsədi ilə keçirildiyni bildirib.
Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova "Mədəni irs və kreativ sənaye", Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Elmi katibi Cavid Əliyev "Lahıc misgərlik sənəti: mədəni irs və sənətkartlıq harmoniyası" mövzusunda, şöbə müdiri Nurəddin Babazadə "Kreativ sənaye və mədəniyyət" və başqaları müxtəlif mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda çıxışlar sənətkar Yusif Hacıyevin, Sumqayıt Gənclər Evinin rəngkarı Nigar Qurbanovanın və digər sənətşünaslar və sənətkarların çıxışları ilə davam etdirilib.
Çıxış edənlər qeyd ediblər ki, ölkəmizdə əl işləri sənətinin üç min ildən artıq zəngin tarixi vardır. Azərbaycan sənətkarlarının istehsal etdikləri qədim və orta əsrlərə aid onlarla xalçaçılıq, misgərlik, dulusçuluq, dəmirçilik məhsulları, əmək alətləri dünyanın ən məşhur muzeylərinin eksponatlarına çevrilmişdir.
Azərbaycan sənətkarlığı bu gün beynəlxalq miqyasda milli mədəniyyətimizin tanıdılması üçün mühüm vasitədir. Xarici dövlətlərdə təşkil olunan müxtəlif sərgi, konfrans və aidiyyəti digər tədbirlərdə mədəni irsimizin nümayişində sənətkarlıq məhsulları əhəmiyyətli rol oynayır.
Vurğulanıb ki, ölkə rəhbərliyinin, Heydər Əliyev Fondunun milli mədəniyyətimizə göstərdiyi yüksək qayğı və diqqətin nəticəsidir ki, respublikamızda mədəni sənaye öz inkişaf mərhələsinə qədəm qoyub. Aparılan məqsədyönlü siyasət nəticəsində, milli sənətkarlıq nümunələrinin və onların hazırlanması texnologiyasının da daxil olduğu on bir qeyri-maddi mədəni irs nümunəmiz UNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısı"na, ikisi isə "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı"na daxil edilib.
Konfrans təltifetmə mərasimi ilə başa çatıb.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə