"Ulu Öndər mədəniyyət və incəsənətin tərəqqisinə xüsusi qayğı göstərib" RƏY-ÖZƏL

"Ulu Öndər mədəniyyət və incəsənətin tərəqqisinə xüsusi qayğı göstərib" RƏY-ÖZƏL

“Ümummilli lider Azərbaycanda bütün sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahəsinə də böyük qayğı göstərib”. Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva deyib.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu ilk dövrdə, sovetlər dövründə Azərbaycan mədəniyyətinin sürətlə inkişaf etdiyini söyləyən komitə üzvü deyib ki, həmin dövrdə yüksək dəyərli əsərlər yaranıb, onlar mükafatlandırılıblar: “Ümummilli liderin hakimiyyəti dövründə yeni mədəniyyət obyektləri inşa edilib, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə mədəniyyət və incəsənətin yüksəlişinə, tərəqqisinə xüsusi qayğı göstərib. Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı”.

Ü.Həmzəyeva vurğulayıb ki, tanrı Azərbaycan xalqına Ümummilli lider kimi böyük şəxsiyyət bəxş edib: “Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltaraşlıq və memarlıq sənəti sürətlə inkişaf edib. Bakıda ucaldılan çox dəyərli heykəllər, inşa edilən müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilib”.

Əsası Ulu öndər tərəfindən qoyulan siyasətin hazırda Onun varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən deputat qeyd edib ki, hazırda Azərbaycan mədəniyyəti yeni çalarlarla daha da inkişaf edir, dünyada özünəməxsusluğu ilə tanınır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə