“Aprel döyüşləri və ya böyük qələbə yaxındadır” FOTOLAR

“Aprel döyüşləri və ya böyük qələbə yaxındadır” FOTOLAR

Bu gün Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Yasamal rayon 53 №-li tam orta məktəblə birlikdə Aprel döyüşlərinə həsr olunmuş tədbir təşkil edib. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

2016-cı il Aprel döyüşləri haqqında Yasamal rayon MKS-inin direktoru, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova məruzə ilə çıxış edib. O, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə baş vermiş hadisələr haqqında məlumat verib.

L.Məmmədova vurğulayıb ki, Goranboy,Tərtər və Cəbrayıl rayonlarının kəndləri uğrunda döyüşlər gedib. Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi də düşməndən azad edilib.

Şəhid valideynləri Rəfiqə Əsgərova və Nadir Babayev çıxış edərək, şəhid ailələrinə gösdərdiyi diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Şagirdlərin ifasında Vətənə və şəhidlərə həsr olunmuş şeirlər oxunub, səhnəcik göstərilib. Ç.Mustafayevin “Ana, mən şəhid oldum” mahnısı səsləndirilib.

Məktəbin direktoru Firəngiz Həsənova çıxış edərək, tədbir iştirakçılarına, şəhid ailələrinə öz təşəkkürünü bildirib, Qarabağa həsr olunmuş şeir söyləyib. Sonra məktəblə sıx əməkdaşlıq etdiyinə görə MKS-in direktoru L.Məmmədovanı, Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İ.Hüseynovanı Fəxri fərmanla təltif edib.

Sonda Mərkəzi Kitabxananın təşkil etdiyi vətənpərvərlik mövzusunda “Vətən mənə oğul desə...” adlı inşa müsabiqəsinin qalibləri Fəxri fərman və Təşəkkürnamələrlə təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə