146 illik inkişaf yolunu keçən Azərbaycan peşəkar teatrı yeni yüksəliş dövrünü yaşayır
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti və dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin, xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir.
Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rola malik olmuşdur. Azərbaycanda milli teatrın yaradılmasından 146 il ötür. Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi. M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də, Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada, əsl mənada, müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur.
1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək, böyük uğur qazandı. 1917-ci ildə Bakıda "Müsəlmən Artistləri İttifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi.
AZƏRBAYCAN TEATRININ YENİ İNKİŞAF DÖVRÜ
1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən Ulu Öndər Heydər Əliyevin səyi və köməyi nəticəsində, milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.
1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın Birinci Katibi Heydər Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" Sarayındakı ziyafətdə də Ümummilli Lider Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü və mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram Teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğunun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı. Azərbaycanın Akademik Milli Dram Teatrında Azərbaycan və qeyri-milli dramturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərin tamaşası hazırlandı.
DÜNYA TEATR SƏHNƏSİNƏ UYĞUN OLARAQ, AZƏRBAYCAN TEATRININ FƏALİYYƏTİNƏ HƏR CÜR ŞƏRAİT YARADILIB
Bu gün Azərbaycan peşəkar teatrı sənət yolunun yeni bir mərhələsini yaşayır. Belə ki, Ulu Öndər Heydər Əliyev ənənələrini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə teatr binaları təmir və bərpa etdirilib, onların dünya teatr səhnəsinə uyğun olaraq, fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən teatr səhnələrində yeni tamaşalar hazırlanıb. Azərbaycan teatrı dünya teatr səhnəsində xüsusi rola malik olan teatra çevrilib. Dünyanın, demək olar ki, bütün teatr səhnələrində Azərbaycan teatrlarının hazırladıqları tamaşalar oynanılır. Teatrlarımız Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, təmir və bərpa etdirilir. Bu proses, ardıcıl olaraq davam etdirilir. Azərbaycan teatrı dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqlarla təchiz olunur. Prezidentin Sərəncamı əsasında, teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir və həyat şəraitləri yüksəldilir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə teatrların fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verildi. Daha sonra Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan teatr ənənələrinin qorunub-saxlanması və dövrün tələblərinə uyğun inkişaf etdirilməsi üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat ayrılıb.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü" kimi qeyd edilməsi qərara alınıb. Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün teatrın yaranmasının 146-cı ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB