Festival davam edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi ilə Xalq Çalğı Alətləri Orkestri üçün yazılmış əsərlərdən ibarət festival keçirilir. Belə ki, ilk olaraq fevralın 2-də “Gənclər günü”ndə gənc bəstəkarların Xalq Çalğı Alətləri Orkestri üçün yazdığı əsərldən ibarət konsert tamaşaçıların böyük rəğbətini qazanmışdır.

Festival çərçivəsində Filarmoniyanın səhnəsində, Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestrinin ifasında dünyasını dəyişmiş korifey bəstəkarlarımızdan Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, H.Xanməmmədov, S.Rüstəmov, C.Cahanirovun əsərləri, martın 5-də isə Azərbaycan Dövlət Xalq Çalğı alətləri orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında zamanımızın seçilən və fəaliyyət göstərən bəstəkarlardan A.Məlikovun, T.Bakıxanovun, D.Dadaşovun, E.Dadaşovanın, S.Fərəcovun, Vasif və Ceyhun Allahverdiyevlərin, N.Quliyevin, L.Cəfərovanın, Y.Xəlilovun əsərləri səslənəcək. Solistlər – Xalq artisti Günaz İsmayılova, Əməkdar artistlər Sahib Paşazadə və Çinarə Heydərova, eləcə də Mübariz Əliyev, Hüseyn Nağıyev, Hikmət Qasımov və Fəxri Kazım-Nicatdır. Dirijor – Xalq artisti Ağaverdi Paşayevdir. Xor Kapellasının bədii rəhbəri Gülbacı İmanovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə