Nəğmələrdə yaşayan bəstəkar - Elza İbrahimova - ÖZƏL

Nəğmələrdə yaşayan bəstəkar - Elza İbrahimova - ÖZƏL

Yazdığı nəğmələrlə ürəklərə yol tapıb orada məskən salan Elza İbrahimova 1938-ci ildə Hacıqabul şəhərində anadan olub. Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.

Elza İbrahimovanın maraqlı yaradıcılıq yolu

Elza İbrahimova ilk mahnısını 1969-cu ildə bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş "Yalan ha deyil" mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi "Qurban verərdim" əsəri sovet dövründə bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan "Qurban verərdim"lə bərabər "Sən mənə lazımsan" (söz. Əliağa Kürçaylı), "Bağçadan keçmisən" (söz. Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.

Yaradıcılığı təkcə estrada janrı ilə kifayətlənməyən bəstəkar diplom işi üçün yazdığı fortepiano və orkestr üçün üçhissəli konsert, "Afət", "Şeyx Şamil" və "Yanan laylalar" operalarının, həmçinin Azərbaycanda neft sənayesinin 130 illiyi münasibəti ilə neftçilərə həsr olunmuş himnin də müəllifidir.

Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən "Ey vətən" əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.

Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Vaqif Səmədoğlunun, Rüzgar Əfəndiyevanın, Ramiz Heydərin şeirlərinə yazılmış yüzlərlə mahının müəllifidir.

Mahnıları Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova, Gülağa Məmmədov, İslam Rzayev, İlhamə Quliyeva tərəfindən sevilərək ifa edilib.

Bəstəkar müxtəlif mükafatlara layiq görülmüşdür

Elza İbrahimova 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.

Uzun sürən xəstəlik və dünyanı çismani tərk

Bəstəkar uzun sürən xəstəlikdən sonra 11 fevral , 2012-ci ildə 74 yaşında dünyasını dəyişmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

Xalq şairi Bəxtiyar Vahabzadə bəstəkarla bağlı belə yazırdı:“Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, iç dünyamızın rəssamıdır”. Bəstəkarın dillərə dastan olan nəğmələri yaddaşlardan silinməz izlər qoyur. Elə bu şeirdə yada düşdüyü kimi...

Nəğmə dolu bir ürəyəm,
Torpağına baş əyərəm
Ey Vətən...
Bir anamdan, bir də səndən
bu dünyada doya bilmirəm
Ey Vətən!..

Bütün xəbərlər Facebook səhifəmizdə