Qara Qarayevin 100 illik yubileyi Gürcüstanda qeyd edilib FOTOLAR
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən Gürcüstanın Tbilisi şəhərində Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Qara Qarayev-100” adlı tədbir baş tutub.
Muzey əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Tbilisidə fəaliyyət göstərən musiqi təhsili ocaqlarının tələbə və müəllim heyəti, ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr və muzeyin əməkdaşları iştirak ediblər. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva hamını salamlayaraq bu tədbirin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşəbbüsü ilə keçirildiyini vurğulamış, muzey əməkdaşlarını qonaqlara təqdim edib.
Yavər Neymətli çıxış edərək Qara Qarayevin Ev Muzeyinin yaradıldığını və oktyabrın 1-də Beynəlxalq Musiqi Günündə təntənəli şəkildə açıldığını bildirib. Tədbir zamanı ev muzeyində hazırlanan videoçarxın təqdimatı keçirilib.
Daha sonra Muzeyin strukturu, orada saxlanılan eksponatlar, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin bu filialın yaradılmasında gördüyü işlər barədə məlumatlar verilib. Qara Qarayevin həyat və yaradıcılığı haqqında Muzeyin fonoteka şöbəsinin müdiri Ruhiyə İsmayılova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətlinin çıxışları slayd-şou ilə müşayiət olunub. Bəstəkar haqqında çəkilən sənədli filmlərdən parçalar nümayiş olunmuş, müxtəlif mədəniyyət və siyasi xadimlərin ayrı-ayrı zamanlarda söylədikləri fikirlər də dinləyicilərə çatdırılıb.
Gürcüstan Xalq Musiqisi və Musiqi Alətləri Dövlət Muzeyi ilə birgə tədbir baş tutub. Muzey Beynəlxalq Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosyasiyasının üzvüdür.
Tədbirdə Muzeyin aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yavər Neymətli Qara Qarayevin gürcü həmkarları David Toradze, Sulxan Tsinsadze, Qiya Kançeli, rəssam Simon Virsaladze ilə münasibətlərindən, onların bəstəkar haqqında xatirə və fikirləri barədə məlumat verib. Muzeyin direktoru cənab Revas Kotrikadze Qara Qarayev musiqisi ilə Gürcüstan Dövlət Simfonik Orkestrində işlədiyi zaman ilk tanışlığından, xüsusilə o zaman kollektivin baş dirijoru Cansuq Kaxidzenin bəstəkarın sənətinə verdiyi yüksək qiymət haqqında danışdı. Təbdirdə Revaz Şanidzenin rəhbərlik etdiyi “Ənənəvi gürcü çoxsəsli studiyası” nın musiqiçiləri maraqlı konsert proqramı ilə çıxış ediblər.
Gürcüstan Xalq Musiqisi və Musiqi Alətləri Dövlət Muzeyinə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Qara Qarayevin Ev Muzeyi adından hədiyyələr təqdim edilib. Gürcü həmkarlar gələcəkdə də, əməkdaşlığın davam etdirilməsinə ümid etdiklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB