Heydər Əliyev Fondundan muğamın inkişafına daha bir töhfə - ŞƏRH

Heydər Əliyev Fondundan muğamın inkişafına daha bir töhfə - ŞƏRH

İlham Əliyev: "Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir"

Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Azərbaycanın ənənəvi musiqisinin ən iri janrı olan muğam sənəti dünyanın hər yerində dinləyicilərin və mütəxəssislərin diqqətini geniş şəkildə özünə cəlb edib.

Müasir dövrümüzdə özünün yeni bir inkişaf dövrünü yaşayan Azərbaycan muğamı dövlət tərəfindən qorunur və təbliğ edilir. Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafına və təbliğinə xüsusi önəm verilir. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı 2003-cü ildə YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuşdur. YUNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan etmişdir.

Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin təbliği sahəsində həyata keçirilmiş layihələr arasında Azərbaycan muğamının dünyada geniş təbliği məqsədilə Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması önəmli yer tutur. Regionlarda da muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə və Füzulidə muğam mərkəzləri inşa olunmuşdur.

Bu günlərdə isə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzi istifadəyə verilib. Ağdam Muğam Mərkəzi yüksək zövqlə müasir səviyyədə inşa olunub. Burada qrim, gözləmə, texniki, inzibati, yardımçı və digər otaqlar yaradılıb. Mərkəzdə musiqi alətlərinin təmiri emalatxanası da fəaliyyət göstərəcək. Bu mərkəzin konsert zalı da müasirliyi ilə seçilir. Buradakı 328 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən, muğam gecələri keçirmək üçün hərtərəfli şərait var. Mərkəzdəki sinif otaqlarında muğamın sirlərinə yiyələnmək üçün bütün imkanlar mövcuddur. Muğam Mərkəzinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev dövlətimiz tərəfindən muğam sənətinin inkişafına yönəldilmiş layihələrin icra olduğunu qeyd edib. Bildirib ki, muğam bizim milli sənətimiz, milli sərvətimizdir: "Bizim mənəvi dəyərlərimizin, Azərbaycan dəyərlərinin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyatdır, həm musiqidir, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir".

Ölkə Prezidenti İlham Əliyev bu yaxınlarda "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzaladığı Fərmana ehtiyac olduğunu və bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərini bildirdiyini diqqətə çatdırıb: "Mən bu məsələ ilə bağlı bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən, muğam sənəti bu sahədə xüsusi rol oynayır".

Bu gün Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə müxtəlif müsabiqələr və beynəlxalq festivallar təşkil edilərək, həyata keçirilir. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi qayğını vurğulayaraq bildirib: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğama göstərdiyi diqqət, hesab edirəm ki, bütün cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Biz son illərdə muğamın, demək olar ki, dirçəlməsini görürük. Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi". Belə ki, ilkin olaraq, fondun birbaşa dəstəyi ilə keçirilən və Azərbaycan muğam sənətinin inkişafına və təbliğinə böyük töhfələr verən muğam müsabiqələrini və beynəlxalq festivalları qeyd etmək lazımdır. 2005-ci ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən keçirilən muğam müsabiqəsi Azərbaycan tamaşaçıları ilə yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən də razılıqla qarşılandı. Qədim muğam sənətinin qorunub-saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə fond 2007-ci ildə də muğam müsabiqəsi keçirmişdir.

Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə, dünyada, ilk dəfə olaraq, "Muğam aləmi" Beynəlxalq Muğam Festivalının keçirilməsi təqdirəlayiq bir haldır. Festival çərçivəsində keçirilən Respublika Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak etmişlər.

300-dən çox ifaçının iştirak etdiyi Respublika Muğam Müsabiqəsinin qalibləri fond tərəfindən hədiyyə və diplomlarla mükafatlandırılmışdır. Festival çərçivəsində keçirilən beynəlxalq elmi simpoziumda isə 20-yədək ölkəni təmsil edən alimlərin 80-ə yaxın məruzəsi dinlənilmişdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan muğam sənətinə bu diqqət və qayğısı muğamın təbliği, tədrisi, peşəkar musiqi ifaçılığının, müasir dinləyici mədəniyyətinin formalaşdırılmasında əvəzsiz rol oynayır.

2008-ci ildə, həmçinin, fondun Azərbaycan muğamına həsr olunmuş yeni nəşri - "Azərbaycanın muğam ensiklopediyası" (iki cilddə) Azərbaycan, rus və ingilis dillərində nəşr edilmişdir. Azərbaycan muğam sənətinin nüfuzlu simaları dünya miqyasında Azərbaycan muğam sənətini təbliğ edərək, bu sənəti nadir əsər tək tamaşaçılar çatdırırlar. Müasir dövrümüzdə, demək olar ki, Azərbaycan muğamı dünyanı fəth edib. Bu sənətin qocaman, yaşlı, gənc sənətkarları hər zaman öyrənir, öz üzərlərində çalışır və Azərbaycan muğamını çoxsaylı tamaşaçıya təqdim edirlər. Belə bir sənət növü ilə hər bir azərbaycanlı qürurlanmaqda haqlıdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə