Musiqi Festivalının bağlanış konserti keçiriləcək FOTOLAR

Musiqi Festivalının bağlanış konserti keçiriləcək FOTOLAR

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti 26 sentyabr saat 19.00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. SİA-ya Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı, skripkaçı Pavel Milyukov çıxış edəcəklər.

Tanınmış violonçelist Sergey Roldugin 1951-ci ildə Rusiyada anadan olub. İlk musiqi təhsilini Riqa şəhərində almışdır. 1975-ci ildə Leninqrad Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. S.Roldugin Rusiyanın Əməkdar kollektivi Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestrinin (1974-1984) və Mariinski Teatrının (1984-2003) solisti kimi fəaliyyət göstərib. 2003-2004-cü illərdə Rimski Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. 2006-cı ildən onun təşəbbüsü ilə yaradılan Sankt-Peterburq Musiqi Evinin prezidentidir. 2011-ci ildə müstəsna xidmətlərini nəzərə alaraq fəxri ordenlə təltif olunub. Solist qismində Moskva, Novosibirsk, Sankt-Peterburq, Samara Filarmoniyaları və dirijorlar - V.Gergiyev, Y.Temirkanov, A.Yansons, Y.Simonov və başqaları ilə əməkdaşlıq edir.

İstedadlı violin ifaçısı Pavel Milyukov 1984-cü ildə Rusiyada anadan olub. İlk musiqi təhsilini Moskva Dövlət Konservatoriyası nəzdində Akademik Musiqi Kollecində alıb. 2012-ci ildə Moskva Dövlət Konservatoriyasını aspirantura pilləsi üzrə bitirib. Hazırda Vyana Konservatoriyasının tələbəsidir. Rusiya, Almaniya, Avstriya, Çin, Yunanıstan, Macarıstan, Fransa, Astana, Koreya və digər ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə birinci yerə layiq görülmüşdür. Skripkaçı dünyanın nüfuzlu konsert zallarında çıxış edərək V.Gergiyev, V.Fedoseyev, M.Fedotov, Y.Simonov kimi tanınmış dirijorlarla əməkdaşlıq edir. İki dəfə Sankt-Peterburq Musiqi Evinin təqaüdünə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə