Teymur Rüstəmovun “…Dünən, bu gün, sabah…” adlı fərdi sərgisi açılıb - FOTO

Teymur Rüstəmovun “…Dünən, bu gün, sabah…” adlı fərdi sərgisi açılıb - FOTO
Bu gün Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, heykəltəraş Teymur Rüstəmovun sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru Çingiz Fərzəlibəyov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xalq rəssamı Ağaəli İbrahimov və başqaları iştirak edib.

İlk olaraq çıxış edən muzeyin direktoru bildirib ki, heykəltəraş Teymur Rüstəmovun sərgisinin bizim muzeydə keçirilməsi sevindirici haldır: "Onun işləri təkcə vətəndə deyil, həm də xaricdə də- Rusiya, Gürcüstan, Polşa, Almaniya və eləcə də İtaliyada- 53-cü Venesiya biennalesində nümayiş etdirilib".

Daha sonra çıxış edən müəllif qeyd edib ki, sərginin adının bu cür seçilməsi heçdə təsadüfi deyil, çünki burada mənim həm dünənə, həm bu günə, həm də sabaha aid olacaq sənət əsərlərim var: "25 əl işim sərgilənir ki, bunlardan 22-si heykəllər, yerdə qalan əl işlərim isə qrafika üslubundadır".

Teymur Rüstəmovun "…Dünən, bu gün, sabah…" adlı fərdi sərgisində müəllifin müxtəlif üslüblarla hazırlanan 25 işi, o cümlədən 2009-cu ildə Azərbaycan ekspoziyasının bir hissəsi kimi məşhur Venesiya biennalesində nümayiş etdirilən multimediya instalyasiyası "I TRUST", "Narkotiklərə yox" mövzusundakı heykəltəraşlıq kompozisiyaları təqdim olunub. Başqa işləri ilə bərabər heykəltəraş sərgi iştirakçılarına "Arzular ağacı" adlı interaktiv işində "arzu tutmağı" təklif edib.

Məlumat üçün bildirək ki, Teymur Rüstəmov Azərbaycanın populyar müasir rəssamlarından biri, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunu, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Teymur Rüstəmov əsasən heykəltəraş kimi tanınır. Lakin o, yalnız heykəltəraşlıqla məşğul olmur. Onun işləri arasında videoart, dekorativ kompozisiyalar, instalyasiyalar da var. O, atası Aslan Rüstəmov və qardaşı Mahmud Rüstəmovla birlikdə Bakıda monumental heykəltəraşlıqla bağlı bir sıra layihələrin həyata keçirilməsində iştirak edib. Bunlar Xocalı faciəsinə həsr edilən abidə, Ukrayna dairəsi yaxınlığındakı H. Əliyev parkında Heydər Əliyevin abidəsi və digər layihələrdir.

Qeyd edək ki, rəssamın sənət nümunələrinin nümayişi dekabrın 31-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə