Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi başladı FOTOLAR

Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi başladı FOTOLAR

Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsi işə başlayıb. SİA-nın məlumatına görə, ənənəvi müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bülbül Fondunun təşkilatçılığı ilə keçirilir.

Əvvəlcə müsabiqə təşkilatçıları, münsiflər heyətinin üzvləri, fəxri qonaqlar və iştirakçılar, musiqi ictimaiyyətinin nümayəndələri paytaxtın Bülbül prospektində Azərbaycan klassik vokal məktəbinin banisi, görkəmli ifaçı, SSRİ Xalq artisti, professor Bülbülün abidəsini ziyarət ediblər.

Görkəmli müğənninin oğlu, Azərbaycanın Xalq artisti, ölkəmizin Rusiya Federasiyasındakı səfiri və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu qonaqlara bu abidənin tarixindən, ölkəmizdə sənət adamlarına və onların xatirəsinə göstərilən ehtiramdan söz açıb.

Abidənin önünə gül dəstələri qoyduqdan sonra tədbir iştirakçıları müsabiqənin keçirildiyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına yollanıblar.

Filarmoniyada keçirilən açılış mərasimində əvvəlcə mədəniyyət naziri Əbülfəs Qarayev və Bülbül Fondunun prezidenti Polad Bülbüloğlu səhnəyə çıxıblar.

Nazir çıxışının əvvəlində qeyd etdi ki, artıq 7-ci dəfədir ki, Azərbaycanda beynəlxalq vokal müsabiqəsi keçirilir: “Mən çox şadam ki, müsabiqənin təməli qoyulandan indiyədək keçən illər ərzində bu sənət yarışında uğur qazanmış gənc vokalçılar bu gün Rusiya Böyük Teatrından Nyu-Yorkdakı “Metropoliten-opera”yadək dünyanın ən böyük opera səhnələrində çıxış edirlər. Bu müsabiqə gənc vokalçılar üçün sənət aləminə yaxşı tramplin sayıla bilər. Mən əminəm ki, münsiflər heyəti onadək ölkəni təmsil edən gənc vokalçıların məharətini ədalətlə qiymətləndirəcək, iştirakçılar isə həm münsiflərin qərarından, həm də qonaqpərvərliyi ilə məşhurlaşmış Bakıdan məmnun qalacaqlar”.

Nazir diqqətə çatdırdı ki, builki müsabiqə "Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq keçirilir və yubileyin qeyd edildiyi günlərə təsadüf edir. Müxtəlif ölkələrin vokal məktəbləri təmsilçilərinin bu tədbirlərdə iştirakı isə yubileyə beynəlxalq status bəxş edir.

Sonra çıxış edən Polad Bülbüloğlu bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncama əsasən bu beynəlxalq müsabiqənin təməli qoyulub. Müsabiqənin keçirilməsində Mədəniyyət Nazirliyinin rolunu qeyd edən P.Bülbüloğlu indiyədək keçirilmiş müsabiqələrin tarixi barədə məlumat verdi. O, həmçinin ardıcıl olaraq münsiflər heyətinə başçılıq etmiş İrina Arxipova, Yevgeni Nesterenko kimi dünya şöhrətli vokalçıların əməyini xüsusi vurğulayıb.

Artıq ikinci dəfə Bülbül adına müsabiqənin münsiflərinə sədrlik edən Rusiya Federasiyasının Xalq artisti Sergey Leyferkus isə çıxışında gənc iddiaçılara uğurlar arzulayıb.

Sonra müsabiqənin I turun dinləmələrinə start verilib.

Xatırladaq ki, müsabiqənin ilk turunda 10 ölkəni təmsil edən 79 vokalçı çıxış edir. Turun dinləmələri iyunun 4-də axşamadək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə