"Xormeysterlərin I Bakı konfransı" baş tutub

"Xormeysterlərin I Bakı konfransı" baş tutub

Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş idarəsinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Xormeysterlərin I Bakı konfransı" baş tutub. SİA-nın məlumatına görə, tədbirdə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, əməkdar müəllim Məhin Orucova, Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru İmruz Əfəndiyeva, xormeyster Səidə Göyçayskaya, xormeyster Gülnara Abasquliyeva, xormeyster Aytən Cəfərova və başqaları iştirak edib.

Konfransı giriş sözü ilə C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, əməkdar müəllim Məhin Orucova açıb. O, bildirib ki, bu gün xoreqrafiya və musiqinin xüsusi ilə də xorun qarşılıqlı əlaqəsi müsbət nəticə verir: "Uşaq xorunda ifa uşağın musiqi-estetik fəaliyyətlərinin ən çox yayılmış növlərindən biri, eləcə də musiqi qabiliyyətlərini, istedadı, musiqi intuisiyasını, dünyagörüşünü yaradan və formaıaşdıran ənənəvi formadır. "Xor sinfi" fənni "Musiqi ifaçılığı" kimi tədris proqramında icbari olmaqla, təlim, musiqili, estetik tərbiyə və tədris sistemində mühüm yer tutur".

Tədbirdə xormeyster Səidə Göyçayskaya söz alaraq, bildirib ki, xorda şagird özünü ifaçı-musiqiçi kimi hiss edir: "Çıxışımı Aristotelin sözləri ilə başlamaq istərdim: "Musiqi ruhun etik tərəfinə müəyyən təsir göstərməyə qadirdir və bir halda ki, musiqi belə xüsusiyyətlərə malikdir. Bu zaman o, gənclər üçün tərbiyələndirici fənlər siyahısına daxil edilməlidir".

Xorla ifa-uşaqların musiqi baxımından inkişafı və tərbiyəsinin mənbəyi kimi klassik xor əsərlərinin ifasına müraciət etməyə imkan verən yaradıcı və idrak prosesdir. Klassik musiqi və kollektiv kimi tərbiyə vasitələrinin bir-birinə qarşılıqlı təsirinin nadir imkanı xor fəaliyyətində özünü biruzə verir".

Konfransda xormeyster Gülnara Abasquliyeva diqqətə çatdırıb ki, kiçik həcmli mahnıların səhnələşdirilməsindən başlamaq lazımdır: "Keçən il A.Rzayevanın "Kukla" mahnısını səhnələşdirmişik. Mahnıda rep ritmlərindən, müasir dövrdə uşaqların maraq dairəsində olan əlavə mətnlərdən də istifadə etmişik. Xüsusi ilə qeyd edim ki, xormeysterlərin əsas vəzifələrindən biri də şagirdlərə əsərlərin məzmununu düzgün izah etməkdir".

Tədbirdə xormeyster Aytən Cəfərova caz əsərlərinin uşaq xoru ilə işlənməsi haqda danışıb: "Caz bir improvizasiya stilidir. Cazda yaradıcı mənşəyi üstünlük təşkil edir və improvizasiya ilə sıx əlaqədə olaraq bir çox stil və yönəlmələrin inkişafı baş verir.

Onu da qeyd edim ki, hazırda uşaq xor kollektivlərinin repertuarının interpretasiyası barədə dəqiq metodik məlumat çox azdır. Müəllim caz haqqında yazılan çoxsaylı məlumatlara əsaslanaraq və həmçinin öz təcrübəsindən yararlanaraq, caz dilini öyrənməyə çalışır".

Qeyd edək ki, tədbir çıxışlarla davam edib.

MƏMMƏDHƏSƏN

Bütün xəbərlər Facebook səhifəmizdə