Nazir Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının prezidenti ilə görüşüb
Şabran rayonundakı “Qalaaltı” kurortunda Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransı keçirilib. SİA-nın məlumatına görə, Beynəlxalq konfrans çərçivəsində mədəniyyət naziri Əbülfəs Qarayev və assosiasiyanın prezidenti Giuseppe Bellandi arasında görüş olub.
Əbülfəs Qarayev ölkəmizin turizm potensialı haqqında geniş məlumat verib. Bildirib ki, son illər həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda müxtəlif turizm növləri inkişaf etdirilib: “Qədim mədəniyyətə və tarixə sahib olan ölkəmiz mədəni irs nümunələri ilə də olduqca zəngindir. Bu baxımdan mədəni turizmin inkişafı üçün də böyük potensialımız var. Bu turizm növünü inkişaf etdirmək üçün bir sıra yerli və beynəlxalq turizm marşrutları fəaliyyət göstərir. Bu xüsusda “Böyük İpək Yolu”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda şərab yolu”, “Azərbaycanda alman izləri” və başqa beynəlxalq turizm marşrutları fəaliyyət göstərir”.
Nazir Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası Baş Assambleyasının “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Vurğulanıb ki, digər sahələrdə olduğu kimi, ölkəmizdə mədəniyyətin, turizmin inkişafı üçün də beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Əbülfəs Qarayev ümidvar olduğunu bildirib ki, Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası ilə əməkdaşlıq daha da inkişaf edəcək.
EHTTA-nın prezidenti Giuseppe Bellandi “Termal şəhərlər” beynəlxalq mədəni marşrutunun növbəti konfransının Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə öz minnətdarlığını ifadə edib. Tədbirdə EHTTA-nın yüksək səviyyəli nümayəndələri, sağlamlıq və müalicəvi imkanları geniş olan xarici ölkələrin iştirakının önəmini vurğulanıb. Ölkəmizlə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu deyən assosiasiya prezidenti buna Azərbaycanın zəngin mədəni irsi və böyük turizm potensialının geniş imkanlar açdığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB