Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” haqqında Sərəncamına və 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunmasına müvafiq olaraq respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi davam etməkdədir. SİA-nın məlumatına görə, Bərdə Regional Mədəniyyət İdarəsi, Yevlax şəhər Mədəniyyət Mərkəzi, YAP-Yevlax rayon təşkilatı və Yexlax şəhər İcra Hakimiyyəti ilə birlikdə Yevlax şəhər Mədəniyyət Mərkəzinin Heydər Əliyev sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram! “ adlı təntənəli bayram konserti keçirilib.

Tədbiri giriş sözü ilə açıq elan edən Yevlax Rayon İcra Hakimiyyətinin başçısının müavini Elnarə Məmmədova, mədəniyyət işçiləri və digər çıxış edən tədbir iştirakçıları dövlətçilik ənənələrimizin bərpası, milli maarifçilik ideyalarımızın inkişafında mühüm xidmətləri olan müstəqilliyimizin banilərindən, Avropa və Amerikanın bir sıra ölkələrindən öncə, habelə Şərqdə qadınlara ilk dəfə seçki hüququ verən Azərbaycan Xalq Cümhuriyyətinin azərbaycan xalqının bugünkü yaşamına verdiyi əhəmiyyətli töhfələrdən bəhs ediblər. Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Eldəniz Mustafayev Xalq şairi Məmməd Arazın “Qalx ayağa Azərbaycan” şeirini söyləyərək xalqımızın milli maraqlarına və demokratik prinsiplərə uyğun dövlət orqanlarının yaradılmasının, milli mədəniyyətimizə, dilimizə önəm verən AXC tərəfindən ana dilinin dövlət dili elan edilməsinin xalqımızın milli-mədəni dəyərlərinin inkişafı, milli özünüdərkin baş verməsinin nəticəsi olmasını bildirib.

Bayram konsertində Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kür” vokal instrumental ansamblı, rayonun və həmin regionun tanınmış müğənniləri, Yevlax şəhər 1 nömrəli uşaq musiqi məktəbinin üzvləri, Xaldan uşaq musiqi məktəbinin müəllim və şagirdlərdən ibarət “Xor” kollektivləri öz ifaları ilə tədbir iştirakçılarının zövqünə oxşayıblar. Tədbiri şəhər mədəniyyət mərkəzinin direktoru Eldəniz Mustafayev Xalq şairi Cabir Novruzun “Azərbaycanı sevin” şeirinin qiraəti ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə