“Biz kitabla birlikdə yüksəlirik!”

“Biz kitabla birlikdə yüksəlirik!”

Sabunçu rayon Mərkəzi Kitabxanasında “Biz kitabla birlikdə yüksəlirik!” adlı festival təşkil olunub. Kitabxanadan SİA-ya bildirilib ki, tədbirdə Sabunçu rayon Mərkəzi Kitabxanasının direktoru Nəcibə Hüseynova layihənin mahiyyəti haqqında məlumat verib. Qeyd edib ki, sosial layihə bütün yaş həddindən olan uşaqlar arasında ənənəvi kitabların mütaliəsinin populyarlaşdırılmasına istiqamətlənib. Vurğulanıb ki, “Biz kitabla birlikdə yüksəlirik!” adlı festival uşaq mütaliəsinin inkişafı sahəsində həyata keçirilən ilkin layihələrdən biridir və uşaq və yeniyetmə mütaliəsinin inkişafı Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Festivalda Mərkəzi Kitabxananın və kitabxana filiallarının işçiləri, Sabunçu rayonu ərazisində yerləşən bir sıra məktəblərin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.

Festival çərçivəsində iştirakçı məktəblərin şagirdlərinin ifasında “Kitabxanada” adlı səhnəcik, rəsm sərgiləri, 12 nömrəli kitabxananın fəal oxucularının təqdimatında Əmin Əfəndiyevin “Cırtdanın kitabxanaya səyahəti” poemasından parçalar səsləndirilib. Daha sonra festivalın iştirakçısı olan şagirdlər asfalt üzərində müxtəlif mövzularda rəsmlər çəkiblər.

Qeyd edək ki, bu layihənin digər kitabxana filiallarında da keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə