“Ya saz öldürəcək, ya Xanlar məni”

Noyabrın 23-də, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında ozan-aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Xanlar Məhərrəmovun 60 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçiriləcək. SİA-nın məlumatına görə, gecədə həmçinin yeni işıq üzü görən "Ya saz öldürəcək, ya Xanlar məni" adlı xatirələr kitabının təqdimatı da olacaq.

Millət vəkili Qənirə Paşayevanın "Xanların sənət dünyası" adlı maraqlı ön sözü ilə açılan kitabın toplayıb tərtib edənləri şair Bağman Baba, Azər Xanlaroğlu, redaktorları xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalı, rəyçiləri isə professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir. "Nurlan" Nəşriyyatında nəfis tərtibatla nəşr olunan kitabda sənətkarın sənət dostlarının xatirələri, tanınmış ziyalıların maraq doğuran yazıları ilə yanaşı şairlərin aşığa həsr etdikləri şeirlər də yer alır.

Gecədə tanınmış xanəndələr və sənətkarın sənət dostları, aşıqlar, şairlər, ziyalılar hazırlanmış proqram əsasında çıxış edəcəklər.

Ədəbi-bədii gecə millət vəkili Qənirə Paşayevanın və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə