İordaniyadakı səfirimiz mədəniyyət naziri ilə görüşüb

İordaniyadakı səfirimiz mədəniyyət naziri ilə görüşüb

Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayev bu ölkənin mədəniyyət naziri Nəbih Şuqum ilə görüşüb. Səfirlikdən SİA-ya bildiriblər ki, nazir N.Şuqum Azərbaycan Respublikasının İordaniyadakı səfiri təyin edilməsi münasibətilə səfir R.Rzayevi təbrik edib, xoş arzularını bildirib.

Səfir R.Rzayev təbrikə görə minnətdarlığını bildirib, iki ölkə arasında uğurlu dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, Prezident İlham Əliyev ilə Kral II Abdullah arasındakı şəxsi dostluq münasibətlərinin bu əlaqələrə müsbət təsirini vurğulayıb. Səfir ikitərəfli münasibətlərin, o cümlədən mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib və bu imkanlardan daha səmərəli istifadə edilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Nazir N.Şuqum Kral II Abdullahın 2008-ci ildə Bakıya səfəri zamanı nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdə olduğunu və həmin səfərdən xoş təəssüratlarla qayıtdığını xatırladıb. O, İordaniya-Azərbaycan əlaqələrinin inkişaf ertdirilməsinə Kral II Abdullahın xüsusi diqqətlə yanaşdığını və bu istiqamətdə müvafiq tapşırıqlar verdiyini vurğulayıb. Nazir 2018-ci ilin 19-21 iyun tarixlərində Azərbaycanda keçiriləcək “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirinə azərbaycanlı həmkarından dəvət aldığını və iş cədvəli imkan verəcəyi təqdirdə ölkəmizə səfər etmək istəyində olduğunu qeyd edib.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq istiqamətləri, Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 2018-ci ilin fevral ayında Əmmanda keçirilmiş üçüncü iclasının protokolunda mədəniyyət sahəsində əməkdaşlıq üzrə irəli sürülən maddələrin həyata keçirilməsi, hər iki ölkədə təşkil olunması nəzərdə tutulan mədəni tədbirlərdə qarşılıqlı iştirak, 2009-cu ildə Azərbaycanda və 2010-cu ildə İordaniyada keçirilmiş mədəniyyət günləri tədbirlərinin canlandırılması, hüquq-müqavilə bazasının daha da möhkəmləndirilməsi və diqər qarşılıqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Nazir N.Şuqum hər il İordaniyada keçirilən Caraş Mədəniyyət və İncəsənət Beynəlxalq Festivalı barədə məlumat verib, həmin tədbirin cari il iyulun 19-29-da baş tutacaq növbəti turuna Azərbaycan tərəfinin də dəvət olunduğunu diqqətə çatdırıb.

Səfir R.Rzayev mədəni tədbirlərdə qarşılıqlı iştirakın vacibliyini vurğulayıb, iki ölkənin kitabxanaları və muzeyləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin, hər iki ölkədə Azərbaycana və İordaniyaya aid müxtəlif sərgilərin təşkil olunmasının əhəmiyyətini qeyd edib. Səfir Bakıda keçiriləcək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalında İordaniya nümayəndələrinin iştirak edəcəyinə ümidini ifadə edib.

Nazir N.Şuqum Azərbaycan xalçaları haqqında çox eşitdiyini və bu qədim sənət növünün Azərbaycanda indi də yaşadığını qeyd edib və İordaniyada Azərbaycan xalça sərgisi keçirilməsini təklif edib, belə bir təklif olacağı təqdirdə İordaniya Mədəniyyət Nazirliyinin müvafiq köməklik göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Səfir R.Rzayev Azərbaycan xalça sənətinin tarixi və hazırda bu sənət sahəsinə göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verib və məsələ ilə bağlı aidiyyəti üzrə məlumat veriləcəyini vəd edib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın həyata keçirdiyi təcavüzkarlıq və etnik təmizləmə siyasəti, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində bir milyondan çox vətəndaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyü barədə ətraflı məlumat verilib. Münaqişə ilə bağlı İordaniyanın ədalətli və sabit mövqeyinə görə təşəkkür ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə