“Bakı kart” paytaxtımızı tanıdacaq və ölkəmizə səfər edən turistlərin marağına səbəb olacaq yeni bir məhsuldur. Yeni istifadəyə veriləcək “Bakı kart”lar turistlərin şəhərimizin turizm potensialından istifadəsini daha da asanlaşdıracaq”.
SİA-nın məlumatına görə, bu sözləri Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev deyib.
Tədbir çərçivəsində Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi (BNA) və “PASHA Travel” şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb.
Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev çıxış edərək büronun ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində bir sıra layihələr icra etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu yeni layihə də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq həyata keçirilir: “Bu layihənin əhəmiyyətli tərəfi odur ki, turizm sənayesinin bütün üzvləri bu prosesdə yaxından iştirak etmiş olacaqlar. Turizm sahəsinin inkişafı ilə bağlı görüləcək işlər çoxdur. Bunların arasında ən mühümü turistlərlə bağlı statistik məlumatların əldə olunmasıdır. Düşünürük ki, bu kartlar ölkəmizdə turizm sektorunun inkişafına öz töhfəsini verəcək. Biz bu kart vasitəsilə turistlərin hansı obyektləri ziyarət etdiyini öyrənəcəyik və hansısa çatışmazlıq olarsa, aradan qaldıracağıq. “Bakı kart”lardan turistlərlə yanaşı, yerli əhali də yararlana biləcək. “Bakı kart” sahiblərinə eyni zamanda endirimlər və xüsusi təkliflər əldə edə biləcəkləri mağaza və restoranların siyahısı olan broşürlər də veriləcək”.
Fuad Nağıyev onu da qeyd etdi ki, Milli Turizm Təbliğat Bürosu özəl müəssisələrin “Bakı kart” layihəsinə qoşulmaları üçün danışıqlar aparır. Yeni kartdan bir çox obyektlərdə istifadə olunması və kartın cəlbediciliyinin artırılması istiqamətində işlər görülür.
Bakı Nəqliyyat Agentliyi (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov təmsil etdiyi qurumun bu layihəni dəstəklədiyini bildirib: “Çalışırıq ki, agentlik hansı islahatlar aparıbsa, bundan sonra da həmin islahatlara uyğun olaraq işlər davam etdirilsin. Yarandığı gündən Bakı Nəqliyyat Agentliyi Prezident İlham Əliyevin tapşırıqlarını layiqincə həyata keçirir, infrastruktur sahəsində islahatlar aparır. Hazırda Bakıda 20-dən çox marşrut xətti üzrə 540 avtobusda “Bakı kart” vasitəsilə nağdsız ödəniş həyata keçirilir. Yeni yaradılacaq kartlar da ölkəyə gələn turistlərin Heydər Əliyev Beynəlxalq Hava Limanı - metronun “28 May” stansiyası istiqamətində fəaliyyət göstərən ekspress avtobuslardan istifadə etməsinə imkan yaradacaq”.
“PASHA Travel” şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqsşmit bildirdi ki, növbəti bir neçə ay ərzində “Bakı kart”lar satışa çıxarılacaq: “Bu kart bir çox üstünlüklər təqdim edir. Kart o səbəbdən yaradılır ki, turistlər ictimai nəqliyyatdan rahat istifadə edə bilsin, eləcə də muzeylərə girişdə, mağazalarda endirim qazansınlar. Biz bu layihə ilə həm də yerli əhali üçün dəyər yaratmağa çalışmışıq ki, onlar da endirimlərdən yararlana bilsinlər. Kartın maliyyələşməsini “Paşa Travel” həyata keçirir”.
Florian Senqsşmit qeyd edib ki, kartın istifadəyə verilməsi və səmərəliliyinin artırılması istiqamətində Bakı Nəqliyyat Agentliyi və Milli Turizm Təbliğat Bürosu ilə birlikdə fəaliyyət göstəriləcəklər.
Daha sonra Milli Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və “PASHA Travel” arasında memorandum imzalandı. Memorandumu Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyi baş direktorunun müşaviri Mübariz Abbasov və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Florian Senqsşmit imzalanıb.
Qeyd edək ki, “Bakı kart” Azərbaycanda ilk və yeganə paytaxtımızın rəsmi şəhər kartı olacaq. Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, şəhər muzeyləri, tarixi abidələr və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edə biləcəklər. Bundan əlavə, “Bakı kart” sahibləri mağazalar, kafelər, restoranlarda endirimlər və xüsusi təkliflər əldə etmək imkanı qazanacaqlar. 24 saatlıq “Bakı kart” 35 manat, 72 saatlıq 60 manat və 1 həftəlik isə 90 manata olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB