Opera və Balet Teatrında J.Bizenin “Karmen” operasının tamaşası anşlaqla keçib - FOTO

Opera və Balet Teatrında J.Bizenin “Karmen” operasının tamaşası anşlaqla keçib - FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında J.Bizenin "Karmen" operasının tamaşası keçirilib. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. Məlumata görə, tamaşa anşlaqla baş tutub. Opera və Balet Teatrı rəhbərliyinin xarici ölkələrin opera teatrlarında çalışan həmyerlilərimizlə yaradıcılıq əlaqələri qurulması çərçivəsində keçirilən bu tamaşada baş rolu – Karmen partiyasını ifa etmək üçün Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Reqina Rüstəmova dəvət olunub.

Tamaşanı Rusiyanın əməkdar incəsənət xadimi, Sankt-Peterburq hökümətinin incəsənət və mədəniyyət xadimləri üçün təsis etdiyi mükafatın laureatı, professor Andrey Anixanov idarə edib.

Tamaşa çox böyük uğurla baş tutub. Tamaşaçılar səhnədəki ifaçıların çıxışlarını hərarət və emosionallıqla qarşılayıb, sürəkli alqışlar və "bravo" sədaları ilə müşayət ediblər. Əməkdar artistlər Həsən Enami (Xoze) və Əvəz Abdullayev (Eskamilio) və Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin qalibi Fəridə Məmmədova (Mikaella) öz rollarını parlaq şəkildə ifa ediblər. Reqina Rüstəmova da Karmen obrazını yüksək professionallıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanıb.

Tamaşadan sonra dirijor Andrey Anixanov bildirib ki, bu gün çox gözəl bir tamaşa keçirdik: "Solistlərin və orkestrin professional səviyyəsindən razıyam. Sizin Teatrın yaradıcı fəaliyyətində iştirak etməyi özüm üçün böyük şərəf hesab edirəm. Teatrda çoxlu sayda istedadlı və perspektivli gənclər var, gözəl yaradıcılıq ab-havası hökm sürür. Yaradıcılıq və inzibati rəhbərlik nöqteyi-nəzərindən hər şey çox dəqiqliklə qurulub. Bu əlbəttə şübhəsiz ki, teatrın direktoru Akif Turan oğlu Məlikovun böyük xidmətidir. Mən onu çox güclü menecer və öz işinin yüksək peşəkarı hesab edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə