Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR

Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr rejissoru, pedaqoq, Xalq Artisti Tofiq Kazımovun 95 illiyinə həsr edilmiş tədbir keçirilib.

SİA-nın məlumatına görə, əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru və bədii rəhbəri Azərpaşa Nemətov sənətkarın həyat və yaradıcılığından, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən söz açıb.

Qeyd edilib ki, 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov yaddaqalan tamaşalar yaratmaqla yanaşı, gənclərin teatra cəlb olunmasında da böyük xidmətlər göstərib. O, Şekspirin “Hamlet”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər” və digər əsərləri tamaşaya hazırlayıb.

Bildirilib ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması və inkişafı Tofiq Kazımovun adı ilə bağlıdır. Rejissorun quruluş verdiyi tamaşalarda insanların təfəkkür tərzi, onlar arasında münasibətlər müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı xüsusi bir məqam idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq təsir bağışlasa da, daxilən coşqun, əzəmətli, hayqırtılı olurdu. Ona görə də Tofiq Kazımov saysız-hesabsız tamaşaçı qəlbini sənəti ilə ovsunlamaqla yanaşı, bütün yaradıcılığı ilə teatr tarixində silinməz iz qoymuş sənətkarlardandır: “Sənətdə öz dəst-xətti olan böyük rejissor bir-birindən maraqlı səhnə əsərləri ilə tamaşaçıları hər zaman düşündürüb. Tofiq Kazımov böyük sənətkar Səməd Mənsurun ailəsində böyüyüb. O, təkcə teatr xadimi deyil, həm də müharibə iştirakçısı idi. Tofiq Kazımov özünü əsl sənətkar kimi sübut edib. Onun çoxlu tələbələri olub, habelə o, gözəl pyeslər, monoqrafiyalar yazıb. Tofiq Kazımov bir şəxsiyyət kimi Azərbaycan teatrına və mədəniyyətinə böyük töhfələr verib”.

Rejissorun sənət yolundan söz açan Əməkdar İncəsənət Xadimi İlham Rəhimli deyib: “Tofiq Kazımovla tanışlığımın tarixi 60 il əvvələ gedib çıxır. İlk görüşümüz “Azərbaycanfilm” kinostudiyasında olub və bu məkanda ondan ilk xeyir-duanı almışam. Teatr sənəti ilə bağlı bir çox məsələni ondan əxz etmişəm. Tofiq Kazımovun quruluş verdiyi bütün tamaşalar böyük sevgi ilə qarşılanıb. Onun xatirəsi qəlbimizdə hər zaman yaşayacaq”.

Xalq artistləri Hacı İsmayılov və Rafiq Əzimov görkəmli rejissorla bağlı xatirələrini bölüşüblər.

Sonra tədbir iştirakçıları Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıblar. İkihissəli səhnə əsərinə Azərpaşa Nemətov quruluş verib. Tamaşada görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunub. Şeyx Nəsrullah rolunu Xalq Artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri Əməkdar Artist Anar Heybətov oynayıb. Digər rolları Xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova və Rada Nəsibova canlandırıblar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azərpaşa Nemətova məxsusdur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

Bütün xəbərlər Facebook səhifəmizdə