“İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi keçiriləcək

“İlin kitabxanası” baxış-müsabiqəsi və “İlin kitabxanaçısı” respublika müsabiqəsi keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "İlin kitabxanası" baxış-müsabiqəsi və "İlin kitabxanaçısı" respublika müsabiqəsi keçiriləcək. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib. "İlin kitabxanası" baxış-müsabiqəsi və "İlin kitabxanaçısı" respublika müsabiqəsi haqqında əsasnamələr Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunub. Əsasnamələr Mədəniyyət və Turizm Nazirliyinin Veb-saytının "Elanlar" bölməsində yerləşdiriləcək.

"İlin kitabxanası" baxış-müsabiqəsi məqsəd və vəzifələri şəhərin, rayonun, kəndin həyatında kitabxanaların rolunun artırılması, Azərbaycan Respublikasında kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi, kitabxanaçı peşəsinə və bütövlükdə kitabxanaların fəaliyyətinə ictimaiyyətin və hakimiyyət orqanlarının diqqətinin cəlb edilməsi və s. məsələləridir.

"İlin kitabxanası" baxış-müsabiqəsində şəhər (rayon) Mərkəzi kitabxanası, Uşaq kitabxanası, kənd kitabxana filialı nominasiyaları mövcuddur. "İlin kitabxanaçısı" respublika müsabiqəsinin əsas məqsəd və vəzifələri ictimai şüurda kitabxanaların mədəniyyət və təhsil sisteminin ayrılmaz tərkib hissəsi olması haqqında təsəvvür formalaşdırılması, kitabxana işçilərinin öz imkanlarını reallaşdırması, onların yaradıcılıq potensialının üzə çıxarılması üçün şərait yaradılması, habelə kitabxanaçı peşəsinin nüfuzunun artması və s. məsələlərdir.

Müsabiqələrin qalibləri Nazirliyin Fəxri Fərmanı, pul mükafatları ilə təltif ediləcək, habelə kitabxana-informasiya sahəsində keçirilən beynəlxalq "Krım" və "Anapa" konfranslarında iştirak etmək imkanları əldə edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə