Azərbaycanlı balerina Böyük Teatrda- FOTO

Azərbaycanlı balerina Böyük Teatrda- FOTO
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Rusiya Dövlət Akademik Böyük Teatrı arasında yaradıcılıq əməkdaşlığı haqqında əldə edilən razılıq əsasında balet truppasının aparıcı solisti, əməkdar artist, Prezident mükafatçısı, "Zirvə" və "Qızıl Dərviş" mükafatları laureatı Kamilla Hüseynova hal-hazırda Böyük Teatrda təcrübə keçir. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib.

Təcrübə müddətində Kamilla Hüseynova Böyük Teatrın aparıcı solistləri ilə birlikdə gündəlik balet dərsləri və trenajlarda iştirak edəcək, tanınmış xoreoqraf-pedaqoqların rəhbərliyi altında klassik balet tamaşalarında ifa etdiyi aparıcı partiyalarda ustalığını təkmilləşdirəcək, həmçinin balet truppasının təşkilati və istehsalat-yaradıcı fəaliyyəti ilə yaxından tanış olacaq və Teatrın balet repertuarını izləmək imkanı əldə edəcək. Heç şübhəsiz ki, Kamilla Hüseynovanın Böyük Teatrın truppasında təcrübə keçməsi onun yaradıcılıq karyerasında çox faydalı və önəmli mərhələ olacaq, professional səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir edəcəkdir.

Bununla yanaşı, Azərbaycan Opera və Balet Teatrı ilə Böyük Teatr arasında əməkdaşlıq çərçivəsində Böyük Teatrın aparıcı solistləri – həmyerlimiz Çinarə Əlizadə və onun həmkarı Mixail Lobuxin noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun "Don Kixot" baletinin tamaşasında iştirak edəcəklər.

Hazırda Rusiya Dövlət Akademik Böyük Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərlikləri daha böyük yaradıcılıq layihələrini gerçəkləşdirmək üzərində çalışır və bu barədə gələcəkdə ictimaiyyətə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə