Yunus Oğuzun "Atabəy Eldəniz" adlı tarixi romanının təqdimatı keçirilib

Yunus Oğuzun "Atabəy Eldəniz" adlı tarixi romanının təqdimatı keçirilib

Bu gün “Olaylar” İnformasiya Agentliyinin və eyniadlı qəzetin təsisçisi, tarixçi, publisist Yunus Oğuzun "Atabəy Eldəniz" adlı tarixi romanının təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, tədbirdə millət vəkili Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin üzvü, millət vəkili Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və bir çoxları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid kitab haqqında fikirlərini dilə gətirib: "Bu gün Yunus Oğuzun "Atabəy Eldəniz" adlı tarixi romanının təqdimat mərasiminə yığışmışıq. Yunus Oğuz 10 ildən artıqdır ki, səmərəli işlərlə məşğuldur. Onun yazıb, ərsəyə gətirdiyi kitablar olduqca maraqlıdır. Y.Oğuzun kitabları çoxlu sayda oxucuların diqqətinə səbəb olub. Onun bu gün bizə təqdim etdiyi romanı bir daha onu sübut edir ki, Yunus Oğuz Azərbaycan tarixini sevir və qoruyur".

Təqdimatda çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, millət vəkili Nizami Cəfərov Yunus Oğuzun yazdığı romanları bəyəndiyini xüsusi ilə diqqətə çatdırıb: "Yunus Oğuz uzun illərdir ki, yazıb, yaratdığı romanları ilə mədəniyyətimizi zənginləşdirir. Y.Oğuz tariximizi yaxşı bildiyi üçün XVI-XVII-XVII əsrlərdə baş verən hadisələri kitablarında qələmə alır. Bu gün də onun bizə təqdim etdiyi "Atabəy Eldəniz" adlı tarixi romanı çox mürəkkəb bir kitabdır. Yunus Oğuz bu romanı olduqca düzgün və səliqəli yazıb. Xüsusui ilə qeyd edim ki, yazıçı bu kitabda Naxçıvanla bağlı önəmli hadisələrə toxunub. "Atabəy Eldəniz" adlı roman tariximizi dərindən dərk etmək üçün bir əsərdir. Onu da qeyd edim ki, Yunus bu kitabı yazarkən bədii gözəlliyə görə tarixi dəyişdirməyib".

Qeyd edək ki, tədbir natiqlərin çıxışları ilə davam edib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə