Xəbər verdiyimiz kimi, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti qərb bölgəsində səfərdədir. SİA-nın məlumatına görə, baş tutan səfər çərçivəsində Şəmkir rayonunda da silsilə tədbirlər keçirilib.
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yubiley mərasimində açılış nitqi ilə çıxış edən Sevda Məmmədəliyeva cənab Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli müvafiq sərəncamı ilə keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək bildirbi ki, 20-23 noyabr tarixində YUNESKO-da təşkil olunmuş sərgi və konsert qurumda böyük əks-səda doğurub. Almanların Azərbaycandakı həyat fəaliyyətlərindən danışan xanım Məmmədəliyeva onların ölkəmiz haqqındakı fikirlərini mübaliğəsiz ifadə etmək üçün 1918-ci ildən ADR parlamentinin üzvü olmuş Lorens Kunun parlamentdə səsləndirdiyi çıxışını olduğu kimi diqqətə çatdırıb.
Səfir Mixael Kindsqrab öz növbəsində səfir olduğu müddətdə Şəmkirə bir neçə dəfə səfər etdiyini, hər səfərində böyük işlərin görüldüyünə şahid olduğunu bildirib, ikitərəfli əlaqələrin növbəti 200 ildə də inkişafının əhəmiyyətini vurğulayıb. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov öz növbəsində qonaqları Şəmkirdə salamlayaraq 200 il öncə Azərbaycana gəlmiş almanların bu müddət ərzində Şəmkirdə yaratdıqları mədəni irsə azərbaycanlıların münasibəti ilə əsrlər boyu Qarabağın etnik əhalisi tərəfindən yaradılan xalqımızın mədəni irsinə ermənilərin vandal münasibətini müqayisə edib. İcra başçısı çıxışının sonunda səfir Mixael Kindsqraba hədiyyə olaraq Qarabağ xalçasını təqdim edib. Rəsmi hissə Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri professor Yeva Mariya Aux və Şəmkirdən olan millət vəkili Sona Əliyevanın çıxışları ilə yekunlaşdıqdan sonra tədbir iştirakçıları Almaniya səfirliyi və professor Yeva Mariya Aux tərəfindən Heydər Əliyev Mərkəzində açılmış “Sərhədlərin silinməsi” adlı sərgiyə baxış keçiriblər. Nazir müavini Sevda Məmmədəliyeva burada həmçinin yerli fotoqrafların fotoşəkillərindən ibarət sərgi ilə də tanış olub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Səfər proqramı Şəmkir Alman Kilsəsində, Mədəniyyət və Turizm Nazirliyi və Almaniya Səfirliyi tərəfindən birgə təşkil edilmiş alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş orqan və klassik musiqi alətləri ansamblının konserti ilə davam edbi. Konsertdə çıxış edən “D`ACCORDO” ansamblı və kontrtenor İlham Nəzərovun klassik musiqi ifaları zalda əyləşən hər kəsi valeh edib və gurultulu alqışlarla qarşılanıb. Proqram Şəmkir İcra Hakimiyyətinin başçısı tərəfindən iştirakçıların şərəfinə verilən rəsmi ziyafətlə başa çatıb.
Səfər çərçivəsində 5 dekabr tarixində Sevda Məmmədəliyevanın başçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti və professor Yeva Mariya Aux Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində yenidənqurmadan sonra yaradılan şəraitlə və eksponatlarla tanış oldular. Muzey direktoru Cavanşir Pirverdiyev məlumat verdi ki, Şəmkir rayonu ərazisində həm beynəlxalq, həm yerli arxeoloji qazıntılar gedir və əldə olunan materiallar muzeyə gətirilərək burada mühafizə olunur. Sevda Məmmədəliyeva və xanım Aux muzeyin ekspozisiyasına aid ciddi elmi-konseptual tövsiyələr verdilər.
Nümayəndə heyətinin üzvləri daha sonra Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin ofisinə gələrək burada yeni yaradılmış şəraitlə tanış oldular. Regional idarənin rəisi Höcət Əsədullayev Şəmkir, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu müasir regional mərkəz haqqında ətraflı məlumat verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB