Vyanada dahi Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

Bu günlər 125 illik yubileyi təntənə ilə qeyd olunan dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin xatirəsi ölkəmizdən uzaqlarda da anılır. SİA-nın məlumatına görə, belə mərasimlərdən biri sentyabrın 22-də görkəmli bəstəkarın Vyanadakı Dunay Parkında ucaldılmış abidəsi qarşısında keçirilib.

Mərasimdə Ü.Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladan səfir Fuad İsmayılov bildirib ki, dahi bəstəkarın 125 illik yubileyinin musiqi paytaxtı Vyanada qeyd edilməsi mühüm hadisədir. Şərqdə ilk operanın müəllifi, musiqili teatrın yaradıcısı, ilk konservatoriyanın banisi olmuş Üzeyir Hacıbəyli öz əsərləri ilə təkcə Azərbaycanın deyil, eyni zamanda, dünya musiqi mədəniyyətinə böyük töhfələr verib.

Tədbirdə Avstriya ictimaiyyətinin nümayəndələri, bu ölkədəki səfirliyimizin əməkdaşları, diaspor təşkilatlarının təmsilçiləri, elm və mədəniyyət xadimləri, Avstriyada işləyən və təhsil alan həmyerlilərimiz iştirak ediblər.

Vyanadakı Dunay Parkında Üzeyir Hacibəylinin abdiəsi 2006-cı ildə ucaldılıb. Abidənin müəllifi görkəmli heykəltəraş Ömər Eldarovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə